Röya anası ilə fotosunu paylaşdı: 10 yaşım olanda...

 23:55 07.03.2021     71

Müğənni Röya Ayxan Feysbuk səhifəsində anası ilə birgə olan fotosunu paylaşıb.

Kult.az xəbər verir ki, sənətçi anası ilə ilk dəfə şəkilə paylaşdığını bildirib:

“Mən ilk dəfədi anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı mən, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır.

Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, 1-dən 5-ə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəm ki, heç kəsə möhtac qalmayacaqsan, öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!

Anam kimi yüzlərlə belə zəhmətkeş xanımlar var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!

Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/543222.html