Bentley Continental GT Speed modeli debüt edib - FOTO

 20:01 10.04.2021     49

Bentley şirkəti özünün 101-illik tarixindəki ən sürətli mülki avtomobili təqdim edib: yeni Continental GT Speed modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir və 335 km/saatlıq maksimal sürət həddinə malikdir.

Hazırda satılan üçüncü nəsil Continental GT modeli 2017-ci ildə təqdim olunub. Modelin debütündən dörd il sonra isə, adında ənənəvi Speed indeksi olan idman versiyası işıq üzü görür. Sələfindən daha texnoloji, daha güclü, daha yeyin və daha sürətli olan yeni Continental GT Speed modelini artıq əksər ölkələrdə sifariş etmək olar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, əvvəlki nəsil Continental GT Speed modeli 635 at qüvvəli 6.0-litrlik W12 biturbo mühərriki ilə təchiz edilir, 100 km/saat həddini 4.1 saniyəyə toplayır və 332 km/saatlıq maksimal sürət həddinə malik idi.

Yeni Bentley Continental GT Speed modelinin kapotunun altında 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 biturbo mühərriki yerləşir. Güc aqreqatı ötürmələri iki dəfə yeyin həyata keçirən iki muftalı səkkiz pilləli transmissiya ilə tandemdə çalışır. Beləliklə, yeni GT Speed sələfindən 24 at qüvvəsi daha güclü və 0,5 saniyə daha yeyindir. Onun maksimal sürəti isə sələfində olduğundan 3 km/saat çoxdur.

Speed versiyasının təchizatına 22-düymlük təkər diskləri, karbon-saxsı əyləc mexanizmləri və idman oturacaqları daxildir. Bundan əlavə, Continental GT Speed modeli tam idarələnən şassini, sərtliyi tənzimlənən amortizatorları olan adaptiv asqını (48 voltluq şəbəkədən çalışır), elektron arxa differensialı (eLSD) və silindrlərin yarısının söndürülməsi sistemini əldə edib.

Speed versiyası adi Continental GT modelindən tünd rəngli radiator barmaqlığı və ön qanada vurulan yeni dizaynlı xrom Speed yazısı ilə fərqlənir. Müştərilər salonun 11 tərtibat rəngindən və 15 fərqli interyer tərtibatı kombinasiyasından seçim edə bilərlər.

Continental GT Speed modelinin qiyməti hələlik açıqlanmayıb, lakin onun adi Continental GT modelindən baha olacağı şübhəsizdır. İlk avtomobillər 2021-ci ilin üçüncü rübündə ABŞ və Avropadakı müştərilərə çatdırılacaqdırlar. Digər ölkələrdəki müştərilər avtomobillərinə dördüncü rübdə qovuşa biləcəkdirlər.

Continental GT Speed modelinin təqdimatı ərəfəsində çıxış edən Bentley şirkətinin rəhbəri Ədrian Hollmark, şirkətin 2021-ci ildə rekord sayda sifariş gözlədiyini söyləyib. 2020-ci illə müqayisədə markanın satışları 50%, sifarişləri isə 30% artıb. Hollmark markanın "Le Manın 24 saatı" marafonuna qayıtmaq ehtimalının olduğuna da eyham vurub. Xatırladaq ki, Britaniya markası artıq 1924, 1927, 1928, 1930 və 2003-cü ildə bu marafonda qalib gəlib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/936006.html