Hyundai Kona N modeli kamuflyajsız yaxalanıb - FOTO

 21:30 10.04.2021     57

Hyundai şirkəti "qaynar" Kona N modelinin təqdimatına hazırlaşır. Volkswagen T-Roc R, Audi SQ2, BMW X2 M35i və Ford Puma ST modelləri ilə rəqabət aparaq krossover reklam çarxının çəkilişləri zamanı casuslara yaxalanıb. Şəkillərdən göründüyü kimi, "qaynar" Kona modeli kamuflyaj örtüyün tamamilə atıb.

Hyundai Kona N modeli nazik ön fənərlərə və kapotun uc hissəsindəki üç hava girişini əldə edib. Aşağıda isə, dartılmış H hərfinə bənzəyən formaya malik olan ön bamperin yuxarı hissəsində yerləşən və iri pətəklər şəklində toru olan iri radiator barmaqlığı quraşdırılıb. Dizaynerlər radiator barmaqlığında modelin indeksinə işarə edən N hərfini yerləşdiriblər. Bamperin alt hissəsində daha kiçik pətəklərdən ibarət olan barmaqlıq və kuzovu boyu çəlikən qırmızı xətt diqqəti çəkir.

Kona N modelinin arxa hissəsində buraxılış sisteminin iki ayrı çıxış borusu olan qara rəngli diffuzor quraşdırılıb. Kuzovun yuxarı hissəsində isə, üçbucaq şəklində əlavə əyləc işığına malik iki hissəli spoyler yerləşir. Bundan əlavə, "qaynar" model təkər tağlarının kuzov rənginə boyanmış genişləndiricilərini və yeni təkər disklərini alıb.

Şirkət yeni Kona N krossoverinin interyerini hələlik açıqlamayıb. Krossoverin ən yüksəkməhsuldarlıqlı versiyası 280 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Güc qurğusu iki muftalı 8-pilləli "robot" ilə birlikdə çalışacaqdır.

"Qaynar" Hyundai Kona modeli haqqında ətraflı məlumat, modelin yaxın zamanlarda baş tutacaq rəsmi təqdimatı ərəfəsində açıqlanacaqdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/936000.html