Türkiyə ilə Liviya arasında 5 əməkdaşlıq protokolu imzalandı

 23:31 12.04.2021     56

Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib. Heyətdə 14 nazir, 5 nazir müavini və digər rəsmi şəxslər, eləcə də Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Muhammed El-Haddad təmsil olunurlar.

Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Baş naziri Əbdülhəmid Dbeybəh ilə görüşüb. Eyni zamanda heyətdə təmsil olunan nazirlər türkiyəli həmkarları ilə ayrı-ayrılıqda bir araya gəliblər.

Türkiyə-Liviya Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçirilib.

İki ölkə arasında beş əməkdaşlıq protokolu imzalanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan və Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəh birgə mətbuat konfransı keçiriblər.

Türkiyə dövlət başçısı diqqətə çatdırıb ki, Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunması, əhalinin rifahı ən mühüm hədəflərimizdəndir. Liviyaya hərtərəfli yardımlarını davam etdirən Türkiyə sabahdan etibarən COVID-19 infeksiyasına qarşı 150 min peyvənd çatdıracaq.

Liviyada davamlı atəşkəsə nail olmaq üçün Türkiyənin səylərinə görə təşəkkürünü ifadə edən Baş nazir Əbdülhəmid Dbeybəh diqqətə çatdırıb ki, digər məsələlərdə olduğu kimi enerji sahəsində də qarşılıqlı əməkdaşlıq etmək istəyirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/352615.html