"Azərbaycan qarşısında olan digər böyük hədəflərə də çatacaq" - Politoloq

 13:08 14.04.2021     29

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı zamanı mühüm mesajlar verdi. Burada həm siyasi, eləcə də iqtisadi, hüquqi və hərbi müstəvidə olan məsələlər vurğulandı".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

O bildirib ki, AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa, Laçın və Kəlbəcər işğal olunmuşdu:

"10 Noyabr bəyanatı imzalanandan sonra Bakıda düşməndən qənimət kimi götürülmüş, məhv edilmiş texnikanın nümayişi üçün planlar hazırlanırdı və dekabrın 10-da Zəfər Paradında hərbi texnikaların bir qismi bu müharibəni izləyən dünya ictimaiyyətinə, eləcə də Azərbaycan vətəndaşlarına nümayiş etdirildi və Yeni Bulvarda Hərbu Qənimətlər Parkının açılması ilə bağlı işlər gedirdi. Hazırlıq işlərinin yekunu olaraq parkın açılışı baş verdi. Burada düşmənin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası nümayiş etdirilir, eyni zamanda "İsgəndər-M" raketinin qalıqları və düşmənin məhv edilmiş texnikası üzərindən götürülmüş Ermənistan nömrələrindən ibarət lövhə də burada yer alır və lövhənin üzərində "Qarabağ Azərbaycandır!" sözləri əks olunub.

Dövlət başçısı burada çıxışı zamanı münaqişənin tarixi aspektləri haqqında məlumat verdi və Ulu Öndər Heydər Əliyevin Moskvada hakimiyyətdən uzaqlaşmasından sonra Qarbaçovun köməkçisi, iqtisadi müşaviri Aqambekyanın Fransada müsahibəsindən sonra Ermənistanın yardımı ilə Qarabağda separatizm meylləri baş qaldırdı, Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xocalı faciəsinin baş verməsi, eləcə də AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa, Laçın və Kəlbəcərin işğal olunması, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ordu quruculuğuna diqqətin ayrılması, peşəkar Ordunun formalaşdırılması, eləcə də 2003-cü ildən sonra 18 il ərzində Azərbaycanın dünya standartlarına cavab verən Silahlı Qüvvələrinin formalaşması haqqında çıxışında dövlət başçısı bildirdi".

İ.Hüseynov qeyd edib ki, iqtisadi artımın sayəsində hərbi qüdrəti təmin etmək mümkün oldu:

"Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesi dalana dirənmişdi. Və iyul hadisələri, Ermənistan-Azərbaycan sərhəddində baş verən təxribatlar, eləcə də avqust ayında diversant dəstənin Azərbaycana göndərilməsi və onların zərərsizləşdirilməsi, nəhayət ötən ilin payızında 44 gün davam edən Vətən Müharibəsi ilə bağlı məlumatlar Prezident tərəfindən zabitlər önündə çıxış zamanı bildirildi. Bu müharibədə Azərbaycan əsgərləri, zabitləri, Azərbaycan xalqı böyük qəhrəmanlıq və rəşadət göstərdilər. Ölkədə siyasi sabitlik, vətəndaş birliyi təmin edildi, eyni zamanda müstəqil iqtisadi siyasət yürütmək də önəmli komponent hesab olunurdu. Azərbaycanın həyata keçirdiyi tarixi layihələrin icrası nəticəsində ölkədə iqtisadi dinamizm təmin olundu və bu iqtisadi artımın sayəsində hərbi qüdrəti təmin etmək mümkün oldu. Silah bazarının həssaslığını da nəzərə alaraq ölkəmiz təkcə bir mənbədən asılı olmayaraq müxtəlif tərəfdaşlarından öz silah təchizatını təmin edirdi. Bu da Vətən Müharibəsində bizim qələbəmizi böyük ölçüdə təmin etmiş oldu. Azərbaycan diplomatiyası ötən illər ərzində münaqişənin siyasi və hüquqi bazasının formalaşdırılması istiqamətində mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinin qəbul edilməsində israrla çalışıb. 44 günlük müharibə vaxtı bizə qarşı BMT Təhlükəsizlik Şurasında qərəzli sanksiyalar qəbul etmək istəyirdilər ki, müharibə dayandırılsın. Lakin Azərbaycan əsgərləri öz ərazilərində, öz torpaqlarında vuruşurdular. Həmin qətnamənin qəbul olunmaması üçün Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklədilər". 

Politoloq deyib ki, erməni faşizminin yenidən baş qaldırmaması üçün tariximizi unutmamalıyıq:

"Vətən Müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Azərbaycan zabiti, Azərbaycan əsgəri peşəkarlıq, Vətən sevgisi, qəhrəmanlıq və mənəvi ruh göstərdi. Dərin eşolanlaşdırılmış, möhkəmləndirilmiş təmas xəttləri, müdafiə xətləri, mühəndis istehkam qurğuları uğurla dəf edildi. Hələ Aprel döyüşlərində, eləcə də Naxçıvan əməliyyatında Azərbaycan Silahlı Qüvvələri göstərdi ki, nəyə qadirdir. Bu, diplomatik siyasi danışıqlar masasına da proeksiya olunmalı idi və danışıqlar yolu ilə düşmən torpaqları geri qaytarmalı idi ki, qan tökülməsin. Lakin erməni tərəfi danışıqları dalana dirədi və danışıqlar prosesi dayandırıldı. Bunun nəticəsində də əks-hücum əməliyyatı, Dəmir yumruq əməliyyatı baş tutdu. 

Bu müharibə Azərbaycan tarixində silinməz izlər buraxacaq. Hərbi Qənimətlər Parkında Azərbaycan gəncliyi, yeni nəsil də bu parkı ziyarət etməlidir və hər bir gəncimiz orada olan ekspanatlarla maraqlanmalıdır və bu ekspanatları əyani şəkildə görməlidir. Biz tariximizi unutmamalıyıq ki, erməni faşizmi yenidən baş qaldırmasın. Hər zaman ayıq-sayıq olmaq, vətənin keşiyində durmaq və dövlətimizin, xalqımızın güclənməsi üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməliyik. Güclü Azərbaycan, qalib xalq, Müzəffər Ali Baş Komandan və güclü dövlət vəhdətini formalaşdıran Azərbaycan qarşısında olan digər böyük hədəflərə də çatacaq". 

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/939642.html