Qarabağda “status”dan qaçmağın iki yolu var - Ekspert

 14:43 14.04.2021     32

Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil - siyasi təzyiq vasitəsidir. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xətlərinin açılmasında, logistik əlaqələrin bərpasında maraqlıyıq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli deyib ki, Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazır deyil:

“Sabah status məsələsini tək rəsmi İrəvən yox, Moskva, Paris, Vaşinqton qaldırsa, nə olacaq?

Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib, rəsmi Moskvanın regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər. Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununun ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər.

Amma Minsk Qrupunun təhlükəli yanları da var - status məsələsi. Biz özümüzü aldatmayaq: bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq. Bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: daxildə çoxsəsli parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi. Başqa yol görmürəm.

Biz ağılla, doğru siyasi ritorika ilə hər dəfə "Zəngəzur" deyəndə Ermənistanın status məsələsində israrından vaz keçməsi şansı artır.

Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır.

Yaxın 25-30 ildə reginda demokrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda qazanan biz olacağıq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/551768.html