Türk Şurası Avrasiyanın yeni gücünə çevrilir

 14:52 15.04.2021     34

Türk Şurasının güclənməsi, beynəlxalq təşkilata çevrilməsi prosesi qlobal dəyişikliyin tərkib hissəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası barədə vacib açıqlamalar səsləndirib. Ərdoğan deyib ki, sıraları genişlənən Türk Şurasını beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb. Həmçinin o əlavə edib ki, Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur. Ərdoğan diqqətə çatdırıb ki, bu ilin noyabr ayında Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci Fövqəladə iclasında İstanbulda prestijli bir tarixi bina şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlanıb. Beləliklə, Ərdoğan Türk Şurasının funksiyasını artırmaq istəyir.

Mövzu ilə bağlı fikirlərini “Şərq”lə bölüşən tanınmış jurnalist, siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Türk Şurasının güclənməsi, beynəlxalq təşkilata çevrilməsi prosesi qlobal dəyişikliyin tərkib hissəsidir. O qeyd edib ki, dünyanın yeni geosiyasi reallığında siyasi-iqtisadi güc Avrasiyada toplanır:

“Çindən Britaniyaya qədər uzanan “bir kəmər, bir yol” layihəsi bu dəyişikliyin onurğasını təşkil edir. Üç dəhlizdən ibarət olan layihədə türkdilli ölkələrin yerləşdiyi orta dəhliz ön plana keçib. Qarabağ müharibəsi və müharibədən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar da əslində bu proseslərdən qaynaqlanırdı. Azərbaycan yeni geosiyasi çağırışlarını yaxşı oxuya bildi və torpaqlarını azad etdi".

Analitik əlavə edib ki, Zəngəzur dəhlizi bu layihədə açarlardan biridir:

“Bununla “bir kəmər, bir yol” layihəsinin orta dəhlizi coğrafi olaraq bütövləşəcək. Rusiyanın yeni reallıqlar qarşısında müharibəyə müdaxilə edə bilməməsi və Bakının istəyi ilə razılaşaraq, bu dəhlizin açılması məsələsinin daxil edildiyi üçtərəfli bəyanatları imzalamasına rəğmən, gerçəkləşməsinə maneələr yaratması da bundan qaynaqlanır. “Bir kəmər, bir yol” layihəsinin şimal dəhlizində yerləşən Rusiya orta dəhlizin perspektivlərini doğramağa çalışır. Hərçənd, dəhlizlə bağlı məsələnin üçtərəfli bəyanatlarda əksini tapdığı kimi həll ediləcəyini düşünürəm, çünki Rusiyanın qarşısında olanlar prosesin görünməyən tərəfində olan güclərdir. Yeni geosiyasi reallıqda Türk Şurası aparıcı gücə çevrilir və şuranın beynəlxalq təşkilata çevrilməsi reallığı da bununla bağlıdır. Çünki orta dəhliz dediyimiz marşrutun üzərində təkcə türkdilli ölkələr yerləşmir və digər ölkələrin də bura daxil olması üçün beynəlxalq təşkilat statusuna ehtiyac var”.

A.Nərimanlı bildirib ki, Macarıstanın şurada təmsil olunması türkdilli olmayan ölkələr üçün presedent yaradır:

“Türk Şurasının beynəlxalq təşkilata çevrilməsinin iki hədəfi var. Birincisi, orta dəhliz üzərindəki ölkələri öz çətiri altına toplamaq; ikincisi, “Rus ittifaq”larına alternativ yaratmaq. Ərdoğan çox sayda ölkənin şuraya tam, yaxud müşahidəçi qismində üzv olmaq istədiyini açıqlamışdı. Bu ölkələr arasında Ukrayna və Belarusun olduğunu deyə bilərik. Fikrimcə, Zelenski Ankarada Ərdoğanla bunu müzakirə edib, Lukaşenkonun Bakı səfərinin də əsas hədəflərindən biri budur”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/352926.html