Biz dünyaya insanlıq nümunəsi olmuşuq, ermənilər isə... - Şərh

 10:37 16.04.2021     39

Qədim tarix və mədəniyyətə sahib olan bir xalqıq. Bizim dünya sivilizasiyasına verdiyimiz çox böyük irs var ki, ondan bütün xalqlar bəhrələnməlidir. Birincisi bu, insanlığa və həyata olan məhəbbətdir. Dilindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq, biz həmişə hər kəsə insan olaraq baxmışıq. Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi şəxsiyyətlər bəxş edib. Bu il Azərbaycanda Nizaminin 800 illiyi ilə bağlı “Nizami ili” elan edilib. Onun yazdığı 5 əsər dünya mədəniyyəti üçün ən böyük töhfədir. Bu əsərlərdə şair insanlığın formulunu verib.

Bu sözləri Publika.az-a açıqlamasında tarixçi alim Cəbi Bəhramov deyib. Ümumdünya Mədəniyyət günü haqqında danışan alim Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı “müharibə tamaşa predmeti olmamalıdır” şərhinə münasibət bildirib:

“Ləyaqətdən və mənəviyyatdan dəm vuran fransızlar ermənilərin müdafiəsinə qalxıb. Onların himayə etdiyi ermənilər dünyanın ən ləyaqətsiz varlıqlarıdır. Fransanın 17-ci əsrdə yaşamış mütəfəkkirlərindən biri vaxtı ilə avropalılara müraciət edərək “Sizin az tanıdığınız Azərbaycan adlı məmləkətdə 13-cü əsrdə Nizami Gəncəvi adlı bir şair yaşayıb. Onun əsərləri insanlıq üçün yaşayış formuludur. Bu əsərləri öyrənin. Öyrənməsəniz, bəşəriyyət süquta yetəcək” deyirdi. Qoy həmin Fransa səfiri və dövlət başçısı öz həmvətəninin dediyi sözlərdən ibrət götürsün və humanizm dəyərlərinin kim tərəfindən yazıldığını bilsin.

Ümumiyyətlə, Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəni heç bir xalq verə bilmir. 14-cü əsrdə Azərbaycanda artıq bəstəkarlıq məktəbi formalaşmışdı. Erməni vandalizmi isə hər yerdə özünü büruzə verirdi. Ermənilər 1930-cu illərdən başlayaraq faşizmi dəstəklədi, Qaregin Njde, Kanayan və digərləri alman nasizmini seçdilər. Ermənilər almanların uğurlarına və insanların məhv edilməsinə sevinirdilər”.

Ekspert qeyd edib ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında bir dənə də olsun mədəniyyət abidəsi saxlamayıb:

“Bu, barbarlıqdır. Bununla birlikdə biz onların həm hərbçilərinə, həm də mülki vətəndaşlarına insan olaraq yanaşdıq. Onların Zori Balayan kimi “ziyalıları” isə kitabında “Mən 7 yaşlı türk çocuğunu Xaçaturla əsir götürüb divara mismarladım. Onun qanı damcıladıqca erməni ruhunun çiçəklənməsini gördüm” yazırdı. Bu, erməni mədəniyyətinin nümayəndəsidir. Biz isə Nizami irsinin davamçılarıyıq. Əlbəttə ki, onları müqayisə etmək günahdır, ancaq dünya kimin kim olduğunu bilməlidir.

İndi avropalılar gender bərabərliyi, qadın hüquqları deyə bağırırlar, amma Nəsiminin, Nizaminin qadına olan münasibəti elə o vaxt başqa idi. Nizamiyə Afaqı kəniz göndərəndə onu azad etmişdi. Afaq sağ olanda “Sevgili canan”ı, dünyasını dəyişəndə isə “Sənsiz” qəzəlini yazmışdı.

“Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım” misralarını isə 15-ci əsrdə yaşayan Azərbaycan şairi Məhəmməd Füzuli yazıb. Bir avropalı və ya dünyanın başqa bir millətinin nümayəndəsini tapın ki, orta əsrlərdə qadına belə münasibət göstərsin. Tapa bilmərsiniz. İslamı din olaraq qorumaqda Azərbaycan və türk xalqının böyük xidmətləri var. Biz dünyaya insanlıq nümunəsi olmuşuq. Kimlərisə özümüzə tabe edəndə onların dilinə, dininə, mədəniyyətinə toxunmamışıq.

Təkcə muğamı dünya mədəniyyətinin ən böyük xəzinəsi adlandırmaq olar. Əmir Teymur eşidir ki, Azərbaycanın canişini təyin edilən Miranşah burada eyş-işrətlə məşğuldur. Ona xəbər verirlər ki, Azərbaycanın ən tanınmış bəstəkarı Əbdülqadir Marağayi onu guya öz işindən yayındırırmış. Əslində belə deyildi, Miranşah at yürüşü zamanı yıxılmışdı və beyni silkələnmişdi. Onun müalicəsi üçün Əbdülqadir Marağayi muğamdan istifadə edirdi. Onu Bağdadda yaxalayıb dar ağacına gətirəndə musiqiçi öz “kəlmeyi-şəhadəti”ni muğam üstündə oxumaq üçün Əmir Teymurdan icazə istəyir. Marağayinin səsini eşidəndə Əmir Teymur ayağa qalxır və əmr edir ki, onu buraxsınlar. Bir millətin yaratdığı sənət əsəri bir hökmdarı öz verdiyi fərmanından imtina etməyə məcbur edirsə, bu, Azərbaycan xalqının mədəniyyətinin gücü deməkdir.

Xristian dünyasının məbədləri, katakombaları məhv olurdu. Papa bütün xristian dünyasına müraciət etdi ki, müqəddəs abidələr dağılır. Heydər Əliyev Fondundan başqa heç kimdən səs çıxmadı. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xanımı olaraq həmin mədəniyyət abidəsinin bərpasını öz üzərinə götürdü”.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/352958.html