FHN Tərtərdə tədbirlər görür

 15:07 16.04.2021     32

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Tərtər şəhərində hazırda aparılan bərpa-yenidənqurma işləri zamanı funksional vəzifələrinin icrasını təmin edir.

Belə ki, 44 gün davam edən Vətən müharibəsi dövründə düşmənin artileriya qurğularından intensiv atəşə tutması nəticəsində ən çox zərər çəkən yaşayış məntəqələrindən biri də Tərtər şəhəri olub. Şəhərdə çoxlu sayda yaşayış evlərinə, inzibati və ictimai binalara ciddi ziyan yetirilib, infrastrukturun böyük hissəsi, o cümlədən elektrik, qaz, su xətləri sıradan çıxıb.

Şəhərdə normal həyatın təmin edilməsi, həyat əhəmiyyətli infrastrukturun bərpası məqsədilə hazırda müvafiq qurumlar tərəfindən təmir-tikinti və bərpa-yenidənqurma işləri aparılır. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bu işlərin həyata keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir, o cümlədən bərpa olunan obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun qiymətləndirilməsi, düşmən təxribatı nəticəsində sıradan çıxmış yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür, işçi heyətlə maarifləndirici söhbətlər aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/353054.html