Polislər kafedə karantini pozanları narahat etməməlidir - Hüquqşünas

 11:01 18.04.2021     35

Daxili İşlər Nazirliyinin əməkdaşları vətəndaşları kafe-restoranda yemək yediyi zaman yaxınlaşıb, narahat etməməlidir.

Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, karantin qaydalarını ilk dəfə pozan şəxslərin dərhal cərimələnməsi doğru yanaşma deyil:

"Karantin davranış qaydalarına əməl edilməsini inzibati tədbirlərlə həll etmək mümkün deyil. Geniş miqyaslı ictimai məlumatlandırma aparılmalıdır. Düzdür, kanantin qaydalarının qorunması ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına səlahiyyət verilib. Onlar kafelərə daxil ola, vəziyyəti yoxlaya bilərlər. Lakin müştəri yemək yeyirsə, ona hər hansı formada yaxınlaşıb, narahat etməməlidirlər. Əgər müştəri məkana maskasız daxil olarsa, obyekt sahibi tərəfindən bunun qarşısı alınması istiqamətində zəruri tədbirlər görülməlidir. Əks halda onlar cərimələnə bilərlər. Qeyd edim ki, qayda pozulub deyə dərhal cərimə tətbiq edilməsi doğru yanaşma deyil. Bu, müəyyən sosial gərginliklərə və konfliktlərə gətirib çıxara bilər. Vətəndaşlar ilkin olaraq qaydalara əməl edilməsinə dəvət olunmalıdırlar. Əgər bu, təkrar-təkrar davam edərsə və buna etinatsız yanaşma olarsa, bu zaman sanksiyalar işə düşməlidir. Nəzərə almaq lazım ki, 1 ildir davam edən pandemiya səbəbindən insanlar gərgin vəziyyətdədir və onları anlayışla qarşılamaq lazımdır"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940678.html