Xəzərdə reyd: 4 gəmi istifadəçisi cərimələndi - Video

 15:46 19.04.2021     34

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reydləri davam etdirirlər.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan və Xəzər rayonunun Türkan qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqələri, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/552907.html