Deputatdan təklif - Həkimlərə əlavə güzəşt verilsin

 16:09 19.04.2021     45

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib:

"Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bu müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə 138.500 manat məbləğində mükafat ödənilib".

Millət vəkili tibb işçilərinə əlavə güzəştlərin də edilməsini münasib sayıb:

"Tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb.

Bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzunmüddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq.

O baxımdan təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/941031.html