Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev

 17:03 19.04.2021     24

Ermənistan işğalçılıq və terrorçuluğu daim dövlət siyasəti kimi qəbul edib və bu istiqamətdə addımlar atıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, ermənilər ekstremizm və radikalizmdən müxtəlif ölkələrə təhdid vasitəsi kimi istifadə edirlər: "Məlum məsələdir ki, terrorizmin və ekstremizmin bir istiqaməti də son vaxtlar nüvə təhdididir. Bundan da istifadə edənlər, ümumiyyələ radikal qüvvələr mütəmadi olaraq nüvə başlıqlarından, digər nüvə silahlarından, nüvə silahlarının komponentlərindən istifadə edərək radiasiya fonu yaratmaq, radiasiya müharibəsi və radiasiya təhdidi aparmaq üçün bu istiqamətdə addımlar atırlar. Son bir neçə ildə məlum məsələdir ki, radioaktiv maddələrin qaçaqmalçılığı ilə Ermənistan qaçaqmalçıları həm dövlət səviyyəsində, həm digər istiqamətdə addımlar atır. Bunlar bu radioaktiv maddələri haradan əldə edə bilər? Düşünürəm ki, bunun mənbəyi məhz "Metsamor" atom elektrik stansiyasıdır.

"Metsamor" stansiyası demək olar ki, ərazimiz üçün, ümumiyyətlə həm Cənubi Qafqaz, həm də yaxın dövlətlər üçün ən ciddi təhlükə mənbəyidir və hər cür təhlükəsizliyə təhdid ola biləcək bir mənbədir. Dəfələrlə Avropa İttifaqı tərəfindən müvafiq vəsait hesabına onun ləğv edilməsi - təxminən 3-4 milyard avro rəqəmi ilə ölçülən bir məsələsi idi - məsələsi qaldırılıb. Lakin onlar bundan da alver istiqamətində istifadə edərək bu rəqəmin həddən artıq çox olmasını istəyirlər. Yeni atom elektrik stansiyası tikmək qeyri-mümkündür, çünki dağılmış Ermənistan iqtisadiyyatında 4-5 milyard dollarlıq bir layihə üçün potensial yoxdur və bunlar da "Metsamor" atom elektrik stansiyasını guya yenidən bərpa edəcəklər və bu istiqamətdə də guya müəyyən strukturlara, qurumlara müraciət edərək vəsait ayrılması üçün müraciət edirlər. Lakin burada əsas məqsəd təhdid kimi radioaktiv maddələrdən istifadə etmək, radiasiya yaratmaqla terror əməliyyatlarını həyata keçirmək, daha doğrusu, regional təhlükəsizliyə təhdid yaratmaqdır".

A.Nağıyev əlavə edib ki, buna görə də son 3-4 ildə demək olar ki, bir neçə dəfə ermənilərin istər Gürcüstan istiqamətində, istərsə də digər gömrük qurumlarında radioaktiv maddələrdən istifadə edilən qaçaqmalçılıq faktları aşkarlanıb: "Bu, ermənilərin terror, radikalizm siyasətidir. Bunlar radioaktiv maddələri başqa yerdən əldə edə bilməzlər, bu, mütləq şəkildə "Metsamor"la bağlıdır. Çünki "Metsamor"un həm mühafizəsi, həm sıradan çıxma ehtimalı, həddən artıq köhnə olması dəfələrlə özləri tərəfindən bildirilib. Stansiya yaxınlığında yaşayan ermənilər də dəfələrlə mitinq keçirib ki, burada sızma var, buradan oğurluqlar var və cinayətkar qruplaşmalar bundan öz məqsədləri üçün istifadə edirlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/941182.html