Vaksin təhlükə deyil, xilas məcunu kimi qəbul edilməlidir - ŞƏRH

 12:47 20.04.2021     32

"Covid-19 pandemiyası sürəkli dalğalarla müşahidə olunur. Biz hal-hazırda pandemiyanın növbəti təhlükəli dalğası sayılan üçüncü dalğanı yaşayırıq. Təəssüf ki, bu proses bütün dünyada müşahidə olunur, hətta Avropanın bəzi ölkələri pandemiyanın gərginliyini nəzərə alaraq sərtləşdirilmiş karantin rejiminə keçiblər. Məsələ ilə bağlı ÜST həyəcan təbili çalmaqdadır, vəziyyəti nəzarətə almaq üçün tədbirlər davam etdirilir. Hazırda üçüncü dalğanın idarə olunması üçün vaksinasiya prosesini daha da sürətləndirmək lazımdır - bu müsbət dinamikanı təmin edə bilər. Dövlətlərin bəziləri yetərincə, bəziləri isə orta səviyyədə artıq vaksinlərlə təchiz olunublar".

Milli.Az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti ilk gündən preventiv tədbirləri qanunauyğun, nümunəvi şəkildə, milli maraqlarımıza, insanların sağlamlığına yönəlmiş addımlar atmaqla həyata keçirib: "Vaksinlərlə bağlı da dövlətimizin çox çevik qərarı oldu, vaksin təchizatımız gedir və artıq müxtəlif ölkələrlə müqavilələr bağlayaraq vaksinləri almışıq. Bütün bunlara baxmayaraq çox təəssüf ki, bəzi vətəndaşlarımızda vaksinlərə qarşı ögey münasibət, etinasızlıq müşahidə olunur. Dərk etmək lazımdır ki, bu gün bütün dünyada vaksinlər üzərində ədalətsiz bölgü məsələsi gündəmdədir və bu, qlobal müstəvidə də müzakirə olunur. Bütün bu narahatlıqlar fonunda vaksinlərə qarşı belə qeyri-adekvat münasibət göstərmək düzgün deyil".

S.Mikayılovanın sözlərinə görə, nəzərə almalıyıq ki, dövlətimiz ilk növbədə bir çox ölkələrdə olduğu kimi həkimlər, hüquq-mühafizə orqanları, Silahlı Qüvvələrdə xidmət edən vətəndaşların məcburi şəkildə vaksinasiyası apardı: "Saydığım kateqoriyadan olan vətəndaşlar əslində hər bir dövlətin əsas sütunlarını təşkil edirlər və heç bir dövlət öz sütunlarını zəiflətməz. Vaksin təhlükə deyil, xilas məcunu kimi qəbul edilməlidir. Ona görə də vətəndaşlarımız daha rasional düşünməli, poliklinikalara özləri fəal müraciət etməlidirlər. Vaksinləşmə nə qədər sürətli aparılsa, onun miqyası nə qədər geniş olsa, bir o qədər də tez pandemiyanın ağırlığını geridə qoymaq mümkün olacaq. Vaksinasiya yoluxma sayını azaltmaqla, vətəndaşlarımızda immuniteti artırır. Pandemiyanın üçüncü dalğasında biz sərt karantin rejiminə keçmədik, çünki əhali arasında vaksinləşmə aparılır. Sadəcə olaraq prosesi daha da sürətləndirməli, sağlamlığımız naminə vətəndaşlar özləri bu məsələdə aktivlik göstərməlidirlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/941382.html