“Yeni SSRİ” təhlükəsi: Türkiyə ilə İttifaq Dövləti qurmalıyıq

 14:03 20.04.2021     45

Bölgəmiz yenə qaynayır. Çox vacib, həm də təhlükəli proseslər gedir. Rusiya öz rolunu gücləndirir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur. Ola bilər ki, orta və uzun vadədə Qərb yenə öndə olsun, amma ABŞ və AB-də ciddi cari liderlik problemi var.

Axar.az xəbər verir ki, bu sözləri REAL-çı Natiq Cəfərli qeyd edib. O, 2007-ci il Münhen Təhlükəsizlik Konfransından bu yana Rusiyanın güclənən xətlə getdiyini və nəticədə postsovet məkanındakı bir sıra önəmli bölgələrə müdaxilə etdiyini, Qərbin buna cavab verə bilmədiyini vurğulayıb:

“Qərb postsoveti ya tanımır, ya da tanıyıb öyrənmək istəmir, ya da Qərb postsovet məkanını Rusiyaya təslim edib uzunmüddətli perspektivə oynayır. Düşünür ki, bütün postsovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandır, hətta baş tutsa belə, bu, keçmiş SSRİ respublikalarının bu gününü qaralayır”.

Natiq Cəfərli Qərbin son bir ildə ən böyük səhvlərindən birinin Belarusda Lukaşenkonu dəstəkləməməsi olduğunu iddia edib:

“Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu. Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşmaq istəyirdi. Hətta AB və ABŞ ilə danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı. Daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq, Rusiya ilə İttifaq Dövlətinin yaranmasına mane olurdu. Son seçkidən öncə Kreml orada oyun qurdu. Batkanın əsas rəqibləri məhz Kremlin adamları idi. Seçkidən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu alçatmaqla məşğul idilər. Hətta müxalifətin əsas tribunası Rusiya kanalları idi. Seçkidən sonra Qərb səhv strategiya yürüdərək, Rusiyanın əlinə oynadı. Faktiki olaraq, Batkaya seçim qoymayaraq, onu Kremlin qucağına itələdi.

Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq. Moskva artıq elə bir vəziyyət yaradıb ki, Batka indi hər şeyə razıdır. Ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək”.

N.Cəfərli bunun SSRİ-nin yenidən formalaşdırılmasının başlanğıcı sayıla biləcəyini deyib. Ekspertə görə, Belarusdan sonra Kreml asanlıqla Qırğızıstanı udacaq, daha sonra isə Qazaxıstanla Donbası birləşdirməyə çalışacaq. Ekspert Azərbaycan üçün ən təhlükəli məqamın Ermənistan olacağını söyləyib:

“Əgər Kreml yayda bu ölkədə keçiriləcək seçkidə planladığını etsə, rəsmi İrəvan yeni SSRİ-yə daxil olacaq. Zatən son hərbi məğlubiyyət bunun əsaslarını yaratmağa səbəb oldu. Ermənistana mesaj verildi ki, təkbaşına, “Ayı”nın dəstəyi olmadan ölkə kimi mövcudluğu sual altına düşəcək.

Vəziyyət qəlizdir. Əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Kreml artıq Duqinin dili ilə açıq formada Azərbaycanı həm təhdid edir, həm də “Yeni SSRİ-yə” dartır”.

N.Cəfərlinin fikrincə, yarana biləcək təhdiddən ən yaxşı çıxış yolu Türkiyə ilə İttifaq Dövləti müqaviləsi imzalamaq və ya Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirməkdir:

“Başqa yol yoxdur. Əgər seçim ya SSRİ, ya da Türkiyə ilə konfederasiyadırsa, düşünmək belə artıqdır. Seçim bəllidir. Yeni konfedarativ dövlət, Ankara-Bakı birliyi - ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik. Çox təəssüf ki, kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır, qısa vədədə hamımızı yem kimi Kremlin ağzına atır. Bilir ki, Moskva bunu “həzm” edə bilməyəcək, sonda boğulacaq, amma buna böyük zaman lazımdır. Bizim zamanımız yoxdur. Ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/553132.html