İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur

 22:10 21.04.2021     48

Təl-Əviv Universitetində aparılan yeni tədqiqatın nəticələri göstərib ki, Britaniya ştammı (B.1.1.7) birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Cell Reports Medicine" jurnalında dərc edilib.

Tədqiqatın müəlliflərindən biri - Təl-Əviv universitetinin Sakler adına Tibb fakültəsinin kliniki mikrobiologiya və immunologiya kafedrasının professoru A.Munits deyib: "Biz üç müxtəlif virus genini testləşdirən dəstdən istifadə edirik. Britaniya variantında, həmçinin B.1.1.7 kimi tanınan bu ştammda bu genlərdən biri - S geni mutasiya nəticəsində pozulub. Buna görə də biz hətta genetik ardıcıllıq olmadan variantın yayılmasını izləməyi bacardıq".

Professor A.Munitsin sözlərinə görə, laboratoriya məlumatları Britaniya variantının çox sürətlə yayılmasını göstərir: 2020-ci il dekabrın 24-də müsbət nəticələrin yalnız 5 faizi Britaniya variantına aid edilib. Cəmi 6 həftədən sonra - 2021-ci ilin yanvarında bu variant İsraildə COVID-19 yoluxmalarının 90 faizinə səbəb olub. Cari göstərici təxminən 99,5 faiz təşkil edir.

A.Munits deyib: "Bu kəskin artımı izah etmək üçün biz SARS-CoV-2 virusunun R-ədədini Britaniya variantının R-ədədi ilə müqayisə etdik. Başqa sözlə desək, hər hansı varianta sahib hər bir insandan orta hesabla neçə nəfər yoluxa bilər sualına cavab axtardıq. Məlum oldu ki, Britaniya variantı 45 faiz - təxminən 1,5 dəfə daha yoluxucudur".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/941771.html