Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar - hündürlüyü 2,2 metr, həcmi 250 litrdir - Lahıcdan reportaj - FOTO

 22:44 21.04.2021     55

Qədim misgərlik sənəti İsmayıllının Lahıc qəsəbəsində bu günə kimi qorunub saxlanılır. Lahıcın küçələrini dolaşdıqca misgərlik emalatxanaları və çəkic sədaları bura üz tutan insanlara xüsüsi zövq verir. Bu sənəti yaşadan adlı-sanlı sənətkarlardan biri də Kəbleyi Əliyevdir. Usta digər misgərlərlə birlikdə nəhəng samovar hazırlayıb. Bu, Lahıc misgərlik sənəti tarixində bir ilk hesab edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uşaqlıqdan ata-babasının yanında bu sənəti oyrənərək misgərliyin incəliklərinə yiyələnən Kəbleyi usta hər gün səhər saatlarında evindən çıxır, daşla döşənən, tarixin sirlərini özündə saxlayan dar küçələrdən keçir və öz kiçik emalatxanasına gəlir.

Onun sözlərinə görə, samovar düzəltmək çox çətindir. Samovarın materialının döyülməsi, hazırlanması əziyyətlidir. "2021-ci il təzə başlamışdı. Fikirləşdik ki, bir dənə böyük samovar düzəldək, həcmi 200-300 litr olsun. Bismillah edib, işə başladıq. Materialını aldım, eskizini çəkdim. Eskizini çəkmək 1 aya başa gəldi. Sonra başladım düzəltməyə", - deyə usta bildirir.

Kəbleyi Əliyev deyir ki, heç yerdə bu boyda, özü də işləyən samovar ola bilməz: "Bu samovarı hazırlamaq 6 aya başa gəldi. Üstündəki naxışlar heç bir kitabda yoxdur, hamısını yeni işləmişik. Qulpları taxtadan, göyüş ağacındandır".

Samovarın diametri 3, hündürlüyü 2,2 metrdir. 250 litr su tutur. Çaynikin həcmi isə 8 litrdir. Suyun qaynadılmasına təqribən 1 saat vaxt lazımdır.

Qəsəbə sakini Razi Baxışov bildirir ki, hələ qədim dövrlərdən Lahıcda bir çox sənətkarlıq növləri - zərgərlik, silahqayırma, o cümlədən misgərlik ən inkişaf etmiş sənətlər olub. Hər il yeni ailə həyatı quran qadınlar üçün misgərlər dəst qablar hazırlayıb hədiyyə verərdilər. İndi zaman dəyişib. Misgərlik demək olar ki, zərgərliyə dönüb. Lahıcda naxış ustaları formalaşıb.

"Lahıc ustaları bir çox mis qablar düzəldiblər, ancaq belə samovar bir yenilikdir. Vaxtilə bizdə Rusiya samovarlarını təmir edib, satardılar. İndi isə öz ustalarımız ondan da qəşəng samovarlar düzəldirlər. Özü də misdən. Rusiyada düzəldilən samovarlar isə bürüncdən olur. Turistlər də Lahıc ustalarının işini çox bəyənirlər", - deyə o vurğulayır.

Lahıclı ustalar qədim əl işlərini daim araşdırır, onların bəzənməsində istifadə olunan milli ornamentləri müəyyənləşdirib, əl işlərində istifadə edirlər. Misgərlərin hazırladığı dolça, sərnic, güyüm, aşsüzən və digər əl işləri Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər ölkələrdə şöhrət qazanıb.

Kəbleyi usta sahib olduğu sənətə o qədər vurğundur ki, günün necə keçdiyindən belə xəbəri olmur. Hər gün işlərini yekunlaşdırdıqdan sonra zahirən balaca, daxilən zəngin olan emalatxanasını tərk edərək evinə üz tutur. Çünki onu yeni gündə yeni əl işləri gözləyir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/941422.html