Bu insanlar ağır COVİD-19 risk qrupuna aiddir

 13:53 04.05.2021     34

Yüksək arterial təzyiqi olan insanlar ağır COVİD-19 risk qrupuna aiddir.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

Onun sözlərinə görə, virus infeksiyalarında qan təzyiqinin artması yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir:

“Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı bunlar qadağandır: kofein tərkibli dərmanlar (Panadol, Coldrex), fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları, antihistamin perparatlar, alkoqol spirtli içkilər, isti vanna. Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman peparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər”.

Həkim bildirib ki, COVİD-19 kəskin miyokard zədələnməsinə və digər ürək fəsadlarına səbəb ola bilər:

“COVİD-19-da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir. COVİD-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar”.

Y.Nağıyev ürək-damar xəstəlikləri olan insanların peyvəndləmə məsələsinə də münasibət bildirib:

“Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVİD-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir.

Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/556433.html