Eldar Həsənovu həbsdə saxlayan səbəb: Onun günahı nədir?

 16:22 04.05.2021     32

Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin mart ayında Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat xüsusi diqqət çəkirdi. Əməliyyatla bağlı verilən rəsmi açıqlamada bildirilirdi ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Axar.az xəbər verir ki, Fərhad Mollazadə və Səlim Əlizadə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma), Nurupaşa Abdullayev isə 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

DTX keçirdiyi əməliyyatın görüntülərini də yaymışdı və sözügedən şəxslərin cinayət başında yaxalandığı, həmçinin axtarışlar zamanı rüşvət və korrupsiya faktlarını təsdiqləyən müxtəlif qeydlər, pul vəsaitləri və s. ictimaiyyətə təqdim edilmişdi.

İstintaq gedirdi və ehtimal olunurdu ki, bu proses Azərbaycanın xarici ölkədəki səfirliklərinə qədər uzanacaq.

Səfirliklərə qədər uzandı – yalnız və yalnız Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənova qədər. Eldar Həsənovla sanki “dairə qapandı”. Yəni belə bəlli oldu ki, qanunsuzluğa “şərik” olan yalnız səfir Eldar Həsənovdur.

Eldar Həsənov avqust ayında Bakıya çağırılaraq istintaqa cəlb edildi və barəsində həbs qətimkan tədbiri seçildi.

Bu həbs ictimaiyyət üçün gözlənilməz idi. İlk dəfə idi ki, fəaliyyətdə olan səfir – həm də Eldar Həsənov kimi diplomat - ölkəyə çağırılır və istintaqa cəlb edilərək həbs olunurdu.

Həmin ərəfədə ölkənin politoloqları, şərhçilər, hətta sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da bu həbsin gözlənilməz olduğu barədə açıqlamalar verdilər.

Həbsin motivi nə ola bilərdi?

Eldar Həsənova qarşı rəsmi olaraq 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

Səfirliklərdə hansısa nöqsanların olması, hətta səfirlərimizin çalışdıqları ölkələrdə biznes qurması, bir çox hallarda ölkənin təbliğatını aparmaq üçün “dəqiq ünvan göstərilməyən” xərcləmələri mümkündür: Avropa ölkələrində isə ümumiyyətlə lobbi təşkilatları və mediası ilə işləmək çox “bahalı” işdir və bunun üçün bir çox hallarda səfirlərin müəyyən maliyyə əməliyyatlarına dövlətçilik naminə göz yumulur.

Bu baxımdan Eldar Həsənova elan edilən ittihamlarla onun bu şəkildə həbsi sensasiya idi. Buna görə də ictimaiyyətdə müxtəlif ehtimallar səsləndirilməyə başladı: 1) Ermənistanın Tovuz təxribatı zamanı Serbiyanın İrəvana silah tədarük etməsinin qarşısını ala bilməməsi; 2) Rusiyadakı azərbaycanlılarla, xüsusən Abbas Abbasovla və ya xaricdəki “söyüş müxalifəti” ilə əlaqəsinin mümkünlüyü səbəbindən siyasi etibarını itirməsi; 3) siyasi iddialarının olması və s.

Ancaq bu versiyaların hamısı ortaya atıldığı kimi də təkzib olunurdu. Yəni:

1. Heç bir səfir çalışdığı ölkənin siyasətinə təsir edə, onun hansısa ölkəyə silah satmasına mane ola bilməz.

2. Eldar Həsənov DTX-da aparılan istintaq çərçivəsində Bakıya çağırılmışdı və sabiq səfir qısa müddətdə ölkəyə gəlmiş, istintaqa ifadə vermişdi. Ölkənin baş prokuroru işləmiş, ciddi əlaqələri olan, istintaq araşdırmaları haqda geniş təsəvvürə malik bir şəxs hər hansı neqativ addımı olsa, DTX araşdırmasına bu qədər ürəklə, əminliklə gələrdimi? Eldar Həsənov hər hansı xəyanətinin əfv edilməyəcəyini bilməzdimi?

Başqa sözlə, Eldar Həsənovun Bakıya gəlməsi onun haqda bu ehtimalı da sıradan çıxarır.

3. Adətən, siyasi iddialarının mümkünlüyü düşünülən nüfuzlu kadrlar hakimiyyətdən tam uzaqlaşdırılmır, onlardan səfir kimi ölkənin maraqlarına xidmət etmələri tələb edilir. Bu, əksər dünya ölkələrində tətbiq edilən üsuldur – belədə həmin fiqurun siyasi nüfuzu nəinki hakimiyyətə “təhlükə” yaradır, əksinə, dövlətə xeyir verir. Eldar Həsənov da artıq 20 il idi ki, diplomatik fəaliyyət göstərirdi və bu illər ərzində onun hər hansı siyasi iddiası olmamışdı. Əksinə, bu vaxt ərzində E.Həsənov Azərbaycanın “İgidliyə görə”, “Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə” medalı, “Azərbaycan bayrağı” ordenlərini alıb; işlədiyi ölkələrin - Rumıniyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordenini, Serbiyanın “II dərəcəli Serbiya bayrağı” medalı ilə təltif olunub.

Onun sədaqəti bir dəfə də olsun müzakirə predmetinə çevrilməyib. Əksinə, E.Həsənov işlədiyi ölkələrdə Heydər Əliyevin abidələrini qoymağı bacaran, eyni zamanda Xocalı soyqırımının tanınmasına nail olan şəxsdir.

Üstəlik, E.Həsənovun 65 yaşına bir neçə ay qalmışdı (o, 1955-ci il 10 oktyabr təvəllüdlüdür), avqustda həbs olunmasaydı, yəqin ki, iki aydan sonra pensiyaya çıxacaqdı.

Bəs, ona 2 ay fürsət tanımayan və pensiyaya çıxmağa imkan verməyən hansı faktdır?

XİN rəhbərliyi azad edilir, Həsənov içəridədir

Eldar Həsənovla bağlı məsələnin ən ciddi tərəfi budur: Fərhad Mollazadə və Səlim Əlizadə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) maddələri ilə həbs olunmuşdular. Hazırda bu 3 maddə ilə ittiham olunanlar ev dustaqlığına buraxılıb.

Eldar Həsənov məhz o həbslər fonunda, istintaqın gedişində saxlanılıb və 308-ci maddənin 1.1 və 2-ci bəndləri ilə ittiham olunur. Yəni Eldar Həsənovun üzərində külli miqdarda mənimsəmə və rüşvət alma yoxdur, sabiq səfirin saxlanılmasını, evindəki külli miqdarda pullar, qanunsuzluğu əks etdirən qeyd dəftəri-filan da nümayiş olunmayıb. Buna baxmayaraq, E.Həsənovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təmin edilməyib.

Ev dustaqlığına buraxılan daha vəzifəli şəxslərdən fərqli olaraq, sabiq səfir Eldar Həsənovun səhhətində də ciddi fəsadlar var - artıq yeriyə bilmir, bir neçə dəfə cərahiyyə əməliyyatı keçirib, həbsinə qədər həkim nəzarətində olub, hazırda onurğasında və ürəyində əməliyyat aparılmalıdır və s.

Bütün bunlar onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə “kifayət” etmir.

Belədə sual yaranır: Eldar Həsənov niyə cəzalanıb və yaxud onu cəzalandıran kim(lər)dir?

Bu suala birmənalı cavab vermək mümkün deyil. Ancaq E.Həsənovun həbs olunduğu zaman medianın məşhur Nizami Qocayevdən açıqlama alması da təsadüfü deyildi.

Yaşıd olan və karyeraya təxminən eyni vaxtda başlayan Nizami Qocayevlə Eldar Həsənovun (hər ikisi 1955-ci il təvəllüdlüdür) hər ikisi gənc yaşda yüksək vəzifə alıblar: Nizami Qocayev DİN İstintaq İdarəsinin rəisi, Eldar Həsənov isə baş prokuror idi.

1999-cu ildə Nizami Qocayev müxtəlif cinayət əməllərində ittiham edilərək həbs olundu. Onun həbsini hazırlayanlardan biri və birincisi, həbsinə sanksiya verən Eldar Həsənov idi.

Nizami Qocayev 3 il sonra azadlığa çıxdı, bəraət aldı və DİN sisteminə qayıtdı. Doğrudur, əvvəlki vəzifəsinə bərpa oluna bilmədi, ancaq İsmayıllı RPŞ-nin rəisi vəzifəsindən pensiyaya çıxa bildi.

Ancaq bu həbsin dalğası 2000-ci ildə Eldar Həsənovun baş prokuror karyerasını bitirmiş və onu səfirə çevirmişdi.

Eldar Həsənovu pensiyaya çıxmağa qoymayan səbəb də budurmu?..


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/556470.html