"Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl

 16:24 04.05.2021     28

Şamaxı şəhərində 1980-ci il təvəllüdlü Xalid Əliyev həmyerlisi Samir Əhmədovu bıçaqlayaraq öldürüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il oktyabrın 24-də Şamaxı şəhərində Bakı-Şamaxı-Yevlax avtomobil yolu yaxınlığında baş verib.

Xalid Əliyev hadisədən bir neçə gün əvvəl azyaşlı övladları arasında baş vermiş münaqişə ilə bağlı mobil telefon vasitəsilə apardıqları danışıq zamanı sözlü mübahisəni aydınlaşdırmaq məqsədilə Samir Əhmədov tərəfindən həmin gün, saat 15 radələrində Bəhyəddin Mirzəyev küçəsinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsinə dəvət edilib.

Görüş zamanı Xalid və Samir bir-birilərinin ünvanına nalayiq ifadələr işlədiblər. Xalid yaşadığı evdən götürərək üzərində gəzdirdiyi bıçağın arxa hissəsi ilə Samirin alın nahiyəsinə vurub. O, Samirə bir neçə xəsarət yetirədən sonra evlərinə qayıdıb.

Samir hadisə yerində olan şəxslərin köməkliyi ilə aparıldığı Şamaxı rayon Mərkəzi xəstəxanasında tibbi yardım göstərilməsinə baxmayaraq ölüb.

"Xırda söz-söhbətlər olub"

İstintaq orqanı tərəfindən Xalidin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Xalid elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2003-cü ildə ailə həyatı qurub, 2007-ci il təvəllüdlü İlkin, 2009-cu il təvəllüdlü Amil adlı övladı olub: "Mərhum Samir qonşuluqda yaşayıb, eyni zamanda onunla uzaq qohumluq əlaqələrimiz var. Əvvəllər Samir və ya onun ailəsi ilə hər hansı ciddi mübahisəsimiz, ədavətimiz olmayıb.

Azyaşlı övladlarımızın bir-biri ilə mübahisə etmələrinə və dalaşmalarına görə ailələrimiz arasında xırda söz-söhbətlər baş verib. Onları da öz aramızda həll etmişik.

Samir belə mübahisələr zamanı ehtiyac biləcəyi təqdirdə həm öz, həm də onun övladının qulağını bura biləcəyini deyib. Mən də eyni haqqı Samirə vermişəm. Bununla da aramızda hər hansı narazılıq qalmayıb".

"Oğluma sataşdıqlarını gördüm"

Xalidin sözlərinə görə, 2020-ci ilin oktyabrında, hadisədən 10-15 gün öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında "Mercedes" markalı avtomobilin təkərlərində nasazlıq yarandığını, qonşusu Bəxtiyar adlı şəxsin isə həmin avtomobilin düzəltməyə kömək etdiyini görüb:

"Baş verənlərə baxmaq üçün həmin yerə yolandım. Həmin vaxt iş dalınca göndərdiyim oğlum İlkin "Musa bulağı" adlanan məhəllədən biz olan tərəfə gələrkən Samirin böyük və balaca oğullarının İlkini yolda saxladıqlarını, ona sataşaraq vurduqlarını gördüm.

Buna görə qışqıraraq onlara tərəf getdim. Uşaqlar mübahisə etdikləri üçün onları danladım. İlk öncə öz oğlum İlkinə bir şillə vurdum. Daha sonra Samirin böyük oğlunun çənəsini tutaraq "üzümə bax" dedim, ona da iradımı bildirdim. Bir daha belə hərəkətlərə yol verməməsini tapşırdım".

"Atasına desəm, yaxşı olmayacaq"

Xalid qeyd edib ki, evdə olmadığı müddətdə Samirin arvadı və övladları onların evinə gəlib:

"Arvadım Amiləyə övladını vurduğuma görə irad tutub və bildirib ki, atasına desəm, yaxşı olmayacaq. Amilə də öz növbəsində ona cavab verdiyi üçün aralarında xırda mübahisə yaranıb. Daha sonra mübahisə sakitləşib. Axşam işdən qayıdanda Amilə mübahisə barədə mənə məlumat verdi. Mən isə bu kimi mübahisələr əvvəllər də baş verdiyi üçün bu məsələni ciddiyə almadım. Əvvəllər olmuş xırda mübahisələrdən biri kimi qəbul etdim".

"Uşağımı boğmusan, bu sənə baha başa gələcək"

Xalidin sözlərinə görə, oktyabrın 24-də, saat 14.15-də nahar etmək üçün yaşadığı evə gəlib: "Dəstəyi qara rəngli plastmas materialdan olan mətbəx bıçağı ilə ət doğramağa başladım. Arvadım və övladlarım da evdə idi. Ətin bir hissəsini həyətdə manqalda bişirərək övladlarıma verdim. Mənə tanımadığım nömrədən zəng gəldi. Cavab verdikdə zəng edənin qonşumuz Samir olduğunu bildim.

Danışıq zamanı Samir məni təhqir etdi. Bildirdi ki, uşağımı boğmusan, bu sənə baha başa gələcək, çıx tinə. Mən ailə üzvlərimin yanında olduğu üçün "danışarıq, izah edərəm sənə necə olub", - deyərək zəngi sonlandırdım. Arvadım Amilə məndən nə baş verdiyini soruşdu. Zəng edənin Samir olduğunu, övladlarımız arasında baş verən mübahisəyə görə zəng etdiyini və münasibətləri aydınlaşdırmaq üçün məni çölə çağırdığını bildirdim.

Amilə narahat olduğu üçün uşaqlardan birini qonşuluqda yaşayan atam evinə göndərdi və atamı çağırmağı tapşırdı. Bir neçə dəqiqə sonra atam bizə gəldi. Arvadım baş verənləri ona danışdı. Atam söhbəti eşitdikdən sonra çölə çıxdı. Lakin onun hara getdiyini bilmədim. Daha sonra isə əti doğramağa davam etdim".

"Arvad dalında gizlənmişdin, bir neçə dəfə burdan keçmişik?"

Xalid qeyd edib ki, atası evdən çıxdaqdan 5-7 dəqiqə sonra yenidən mobil telefonuna eyni nömrədən zəng gəlib: "Zəngə cavab verdikdə Samir yenə məni təhqir edərək "Kişisənsə, çıx bayıra" deyə bildirdi. Samirin hədə və söyüşlərindən əsəbləşdim, əti doğramağımı yarımçıq qoydum və evdən çıxdım. Bakı-Şamaxı-Yevlax avtomobil yoluna tərəf getdim.

Yaşadığım evlə Samirin evi eyni küçədə yerləşməklə, demək olar ki, üzbəüzdür. Atamın yaşadığı ev isə həmin küçəyə paralel olan digər küçədə yerləşir. Avtomobil yolunun kənarındaki səki ilə atamgilin məhəlləsinə tərəf getdim. Atamın orada olmadığını görəndə geriyə, evimə tərəf getməyə başladım.

Bu zaman dövlət qeydiyyat nişanını xatırlamadığım "Niva" markalı avtomobil yanımda dayandı. Samir həmin avtomobildən düşərək üzərimə gəldi. Mənə "arvad dalında gizlənmişdin, bir neçə dəfə burdan keçmişik" deyərək yumruqla vurmağa başladı. Cavab olaraq Samirə bir neçə yumruq zərbəsi qaytardım.

Yumruq zərbəsi vurmaq istəyərkən evdə ət doğradığım bıçağın sağ əlimdə olduğunu gördüm. Samirlə telefonda danışdıqdan sonra çox əsəbiləşdiyim və tələsik evdən çıxdığım üçün bıçağın əlimdə olmasına fikir verməmişəm. Hadisə yerinə əlimdə bıçaqla gəldiyimi bilməmişəm. Yalnız Samirə yumruq zərbəsi atanda əlimdə bıçaq olduğunu görmüşəm".

"Ünvanıma ağır söyüşlər işlətməkdə davam etdi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dalaşdıqları vaxt "Niva" markalı avtomobilin sürücüsü, həmçinin yolun qarşı tərəfində tikinti materiallarının satışı mağazasında olan, əvvəllər tanıdığı "Şamo" ləqəbli şəxs onlara yaxınlaşaraq sakitləşdirib:

"O, bizi bir-birimizdən aralamağa çalışdı. Lakin Samir sakitləşmədən mənə hücum edərək ünvanıma ağır söyüşlər işlətməkdə davam etdi. "Şamo" ləqəbli şəxs və "Niva" markalı avtomobilin sürücüsü Samiri bir neçə dəfə məndən aralayaraq kənara aparsalar da, o, yenidən üzərimə hücum etdi.

Samirlə dalaşdığım bütün müddət ərzində bıçaq sağ əlimdə olub. Bıçağı yerə atmaq istəsəm də, Samirin fiziki cəhətdən məndən qüvvəli olduğundan qorxaraq bıçağı özümü müdafiə etmək məqsədilə kənara atmadım".

"Dedi ki, sən niyə kişilikdən dəm vurursan"

Xalid bildirib ki, dalaşdıqları müddət ərzində Samir ünvanına çox ağır nalayiq ifadələr işlədib: "Atam əvvəl ailə münaqişəsi zəminində bacım Günel Məmmədovanı qəsdən öldürdüyü üçün məhkum olunub. Samir də bunu nəzərdə tutaraq "sən niyə kişilikdən dəm vurursan, sənin bacın əxlaqsız olub, atan sizin qeyrətinizi çəkib, bacının başını kəsib, sən mənə bıçaq vuracaqsan?" - deyərək üzərimə hücum etdi.

Özümü Samirdən qorumaq üçün bıçağı bir neçə dəfə sağ və sol istiqamətə yellədim, onu qorxutmaq istədim. Onunla üz-üzə dayanaraq ünvanıma söyüşlər söyməməsini tələb etdim. Samir dizi ilə kəmərdən aşağı nahiyəmə zərbə vurmaq istədi. Bir addım arxaya getdim və həmin an əlimdəki bıçaq Samirin bud nahiyəsinə batdı. Həmin nahiyədən qan gəldiyini gördüm.

Daha sonra qorxduğum üçün hadisə yerindən uzaqlaşdım və evimə qayıtdım. Bir neçə dəqiqədən sonra Samirin ailə üzvləri evimə hücum etdi, küçədən evimi daşlamağa başladılar. Onları qorxutmaq və özümü müdafiə etmək üçün həyətimdə olan baltanı qaldıraraq Samirin qohumlarına nümayiş etdirdim".

"Qorxduğum üçün evdən çıxa bilmədim"

Xalid bildirib ki, daha sonra etdiyi hərəkətdən peşman olduğu üçün özünə məxsus mobil telefonla əvvəlcə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib: "Lakin həmin zəng uzun müddət gözləmədə qaldığı üçün "103" xidmətinə zəng edərək hadisə barədə məlumat verdim, təcili tibbi yardım briqadası çağırılmasını xahiş etdim. Operator isə cavabında artıq həmin ünvana təcili tibbi yardım briqadasısının göndərildiyini bildirdi.

Samirin qohumları evimin qapısına toplaşdığından qorxduğum üçün evdən çıxaraq təslim olmaq məqsədilə Şamaxı rayon polis şöbəsinə gedə bilmədim. "103" xidmətinə zəngdən təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları evimə gələrək məni şöbəyə apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Xalid 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/945661.html