"Dağlıq Qarabağ münaqişəsinin həlli: Azərbaycan Ordusunun peşəkarlığı" - FOTO

 10:00 10.05.2021     43

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Dağlıq Qarabağ münaqişəsinin həlli: Azərbaycan Ordusunun peşəkarlığı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, konfransda bu hərbi məktəbin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının zabit və müəllimləri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları AAHM-in muzeyləri və ideoloji mərkəzi ilə tanış olub və ali hərbi məktəbdə çap edilən tədris vəsaitlərindən ibarət sərgiyə baxıblar.

Konfransın plenar iclasında AAHM rəisinin tədris və elmi işlər üzrə müavini, polkovnik, dosent Ruslan Məmmədov mövzuya dair ətraflı məruzə ilə çıxış edib.

Sonra konfrans bölmələr üzrə davam edib. Ümumilikdə 30 zabit və müəllimin mövzu ilə bağlı məruzələri dinlənilib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/355697.html