“AMD Ryzen 5000H” prosessorlu “ASUS VivoBook Pro 14” noutbuku təqdim edilib

 20:45 11.05.2021     66

"ASUS" şirkəti Çində "Ryzen 5000H" seriyalı yeni "AMD" mobil prosessorları əsasında ultranazik və kompakt "VivoBook Pro 14" noutbukunu təqdim edib. Yeni qurğunun çəkisi 1,35 kiloqram, qalınlığı 17,9 millimetr təşkil edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ASUS VivoBook Pro 14" iki variantda təklif olunur: 3,2-4,4 giqahers tezlik diapazonunda səkkiznüvəli "Ryzen 7 5800H" çipi, eləcə də 3,2-4,2 giqahers nüvə tezlikli altınüvəli "Ryzen 5 5600H" prosessoru əsasında. Hər iki prosessor 7 nanometrlik texnoloji prosesdən istifadə edilməklə "Zen 3" arxitekturası üzərində qurulub.

Noutbukun hər iki versiyası üçün istehsalçı tərəfindən 16 giqabaytlıq "DDR4" opertativ yaddaşı, eləcə də 512 giqabayt tutumlu "M.2" formatlı "NVMe" toplayıcısı təklif olunur. Hər iki halda portativ sistem 2880 × 1800 pikselli və 90 giqahers yeniləmə tezlikli 14 düymlük "OLED" ekranla təchiz edilib. Displeyin pik parlaqlığı 600 kandel/kvadratmetr, dinamik kontrastlıq səviyyəsi 1 000 000:1 təşkil edir. Ekran 1 milyard rəngi dəstəkləyən "DCI-P3" rəng məkanını 100 faiz əhatə edir.

Bundan başqa, noutbuk süni intellekt alqoritmləri əsasında "ağıllı" səsboğma sistemli "Harman Kardon" səs sistemi ilə təchiz olunub. "VivoBook Pro 14" həmçinin veb-kamera və işəsalma düyməsində yerləşən barmaq izi skanerinə malikdir.

"Ryzen 5 5600H" prosessoru əsasında 16 giqabaytlıq operativ yaddaş və 512 giqabaytlıq "SSD" toplayıcısı ilə təchiz edilən "VivoBook Pro 14" modeli istehsalçı tərəfindən 4599 yuan (təxminən 710 dollar) dəyərində qiymətləndirilir. "Ryzen 7 5800H" prosessoru əsasında eyni operativ yaddaş və bərkcisimli toplayıcıya malik böyük modelin qiyməti 4999 yuan (təqribən 772 dollar) təşkil edir. Artıq Çində yeni qurğu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Qurğunun bir müddət sonra dünyanın digər bazarlarında da satışa çıxarılacağı gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946522.html