SEO nədir və necə işləyir?

 22:50 13.05.2021     67

Axtarış sistemlərinə optimallaşdırma ( SEO) neçə ildir ki, marketinqin, biznesin əsas mövzularından olduğuna görə onun haqqında çox yazıblar, çox danışıblar. Çoxunuz SEO-nun əsas prinsiplərini bilirsiniz, amma ötən illər ərzində bir çox dəyişikliklər baş verib. Əgər hesab edirsinizsə ki, bir neçə açar sözü düzgün seçməklə səhifənizi optimallaşdırmış olacaqsız, yanılırsız. Bu məsələ 10 il əvvəldə qalıb. Bu gün marketoloqlar trendlə ayaqlaşmaq və rəqiblərdən geridə qalmamaq üçün SEO barədə davamlı oxumalı və öyrənməlidirlər.

SEO nədir?

Milli.Az ted.az-a istinadən bildirir ki, SEO İngilis dilində Search Engine Optimization ifadəsinin abbreviaturasıdır, Azərbaycan dilinə isə Axtarış sistemlərinə optimallaşdırma kimi tərcümə olunur. SEO vebsaytınızın axtarış motorları səhifələrində yuxarı sıralarda yerləşməsi üçün edilən texnikalardır ki, təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google, Yahoo, Bing kimi axtarış motorları vasitəsilə daha tez tapa bilsinlər.  Axtarış motoru şirkətləri davamlı olaraq axtarış alqoritmlərini dəyişdiyinə görə bu texnikalar da zaman keçdikcə dəyişir.

SEO necə işləyir?

SEO saytların səhifələrinin optimallaşdırılması, açar söz araşdırması etmək və saytda daxili linklər verməklə işləyir. SEO üzrə gördüyünüz işlərin bəhrəsini saytınız axtarış motorunda indeksləndikdən sonra görəcəksiniz.

Saytın səhifələrini optimallaşdırmağın yüzlərlə yolu var. Axtarış mühərrikləri etiketlər, açar sözləri, daxili link strukturu və linklər verilməsi (backlink) kimi elementlərə, o cümlədən, saytın strukturuna, dizaynına, ziyarətçilərin davranışlarına və digər saytdankənar faktorlara baxır ki, axtarış nəticələrində saytınızın hansı sırada çıxmasını təyin etsinlər.

Orqanik axtarış nədir?

Orqanik axtarış bir şəxsin axtarış motorunda hər hansı bir məlumatı axtardığı zaman ödənişsiz nəticələrə klikləməsidir. Əvvəllər SEO üçün saysız-hesabsız açar sözləri yazırdılar ki, axtarış edən insanlar onları tez tapsın. İndi isə bu addım sizə zərər verə bilər. Çünki axtarış motorları saytınızı açar sözü ilə doldurduğunuzu görəcək, əsas məqsədinizin axtaran şəxsin sorğusuna cavab vermək deyil, yuxarı yerlərdə sıralanmaq olduğu kimi qəbul edəcək.

Bu gün siz paylaşdığınız kontentin tərkibində açar sözləri elə işlətməlisiniz ki, qeyri-təbii olduğu düşünülməsin. Hər şey sizin açar sözün və yazdığınız mətnin uzunluğundan asılıdır. Amma nə olur-olsun, çalışın ki, təbii şəkildə yazasız.

SEO strategiyası nədir?

SEO strategiyası axtarış motorları vasitəsilə saytınıza daha çox ziyarətçi gətirmək üçün hazırladığınız geniş bir marketinq planıdır. Uğurlu SEO strategiyasında aşağıdakılar nəzərdə tutulmalıdır:

 Saytdaxili strategiyalar -məqsədli şəkildə daxil edilmiş açar sözlərindən istifadə edilir

 Saytdankənar strategiyalar - digər vebsaytlardan linklər vasitəsilə ziyarətçi gətirilir

Yeni sayt səhifəsi və ya bloq yazısı hazırlamamışdan əvvəl yəqin açar sözləri posta necə daxil etmək barədə düşünürsüz. Bu yaxşı ideyadır, amma SEO-nun təkcə bundan ibarət olduğunu düşünmək səhvdir. Hər hansı bir kontenti yaratdıqda əsas neçə dəfə açar söz daxil etmək barədə yox, auditoriyanız barədə düşünməlisiniz.

Uzun müddət ərzində saytınızın axtarış motorlarında yuxarıda sıralanmasını istəyirsinizsə, SEO marketinq strategiyanızı açar sözləri üzərində yox, paylaşdığınız mövzular ətrafında qurun. Hədəf auditoriyasını və onların maraqlarını başa düşsəniz, saytınıza lazım olan ziyarətçilər özləri gələcək.

Orqanik trafik nədir?

Orqanik trafik Google, Bing kimi axtarış motorlarından ödənişsiz olaraq gələn ziyarətçi axınıdır. Ödənişli axtarış marketinqi sizin orqanik trafikinizi artırmayacaq. Daha çox ziyarətçi cəlb etmək üçün inbound marketinq proqramından istifadə etməklə saytınızı optimallaşdıra bilərsiniz. Son on illikdə baş verən ən böyük dəyişikliklərdən biri istifadəçi davranışlarının axtarış motorları nəticələrinə təsir etməsidir. Bu gün isə sosial media sizin orqanik trafikinizə böyük təsir edə bilir. Bir neçə il əvvəl saytınızın sosial mediada axtarış zamanı tapılmasının heç bir əhəmiyyəti yox idi. Bu gün isə SEO-ya tvitlər, retvitlər, Google+ hesabının olması və digər sosial siqnallar təsir edir. Sosial axtarış həmçinin kontenti və sizinlə bağlı olan insanları (Facebook dostları, Twitter izləyiciləri və s.) əsas götürür. Bəzən sosial axtarış influenser tərəfindən paylaşılan kontenti də prioritetləşdirir. Sosial media axtarış sistemləri düşünür ki, şəbəkənizin vacib hesab edib paylaşdığı kontent sizin üçün maraqlı ola bilər, ona görə də sizin də qarşınıza həmin kontenti çıxarır.

Beləliklə də SEO barədə düşünəndə sosial media strategiyasını da mütləq nəzərə almaq lazımdır.

Birbaşa trafik nədir?

Digər vebsaytlardan, axtarış motorlarından və ya sosial mediadan gələnə trafikdən fərqli olaraq, birbaşa trafik ziyarətçilərin brauzerdə saytınızın URL-ini yazaraq birbaşa daxil olduğu trafikdir.

İstifadəçilərin təkcə sizin saytınızı axtarışda tapmağı o qədər vacib deyil, nəinki, saytınızda vaxt keçirməyi, kontentinizlə yaxından maraqlanmağı və yenidən sizin sayta daxil olmağı. Birbaşa trafik həm sizin saytınızın page authority-sini Google-un gözündə qaldırır, həm də sizi orqanik olaraq tapan istifadəçinin müştərinizə çevrilməsi üçün imkanlar yaradır.

SEO əslində ziyarətçilərin saytda nə qədər qalmasını və digər kontentlərə də baxmasını təmin etməlidir. Əgər ziyarətçi sizin saytınızı açar sözə görə tapırsa və saytınızda ona lazım olan kontenti tapa bilmirsə, bu trafikin sizin üçün əhəmiyyəti olmayacaq. Buna görə də ziyarətçi cəlb etməkdən daha çox ziyarətçilərinizin özü və axtardıqları məlumatlar barədə düşünməlisiniz.

SEO-nun vacibliyi

SEO ona görə vacibdir ki, insanlar internetdə onun sayəsində sizin paylaşdığınız məlumatı və saytlarınızı tapa bilir. Məhsul və xidmətlərinə daha çox müştəri cəlb edə bilmək üçün bizneslər ona xüsusilə əhəmiyyət verir.

Əvvəllər SEO-nun uğurlu olub-olmaması Google-un birinci səhifəsində sıralanmaqla ölçülürdü. Lakin əgər ziyarətçilər axtardığını sizin saytınızda tapa bilmirsə, irəli sıralarda olmağınızın, çox sayda trafikin biznesiniz üçün heç bir əhəmiyyəti olmayacaq. Bu trafikdən müştəri qazana bilmədiyinizə görə də həmin açar sözə görə yuxarı sıralarda sıralanmaq faydasızdır.

Bundan başqa, uğurlu olmaq üçün mütləq birinci səhifənin ilk 3 saytından biri olmaq şərt deyil. Digər sıralarda daha az trafik qazansaz da, yenə də insanlar sizin saytınıza daxil olacaqlar.

Nəticə olaraq bildirim ki, əsas olan sizə gələn trafikin kəmiyyəti yox, keyfiyyətidir.

Ödənişli axtarış motorları marketinqi (SEM) nədir?

Ödənişli axtarış motorları marketinqi klikə görə ödənişə (pay-per-click - PPC) əsaslanır. Kimsə axtarış verdikdə axtarış səhifəsinin yuxarısında və ya aşağısında yerləşdirilən reklam mətninə görə siz axtarış motoruna ödəniş edirsiniz. Bununla da vebsayt trafikiniz artır və daha çox müştəri qazana bilirsiniz.

Google axtarışında yuxarı yerlərdə çıxmaq üçün əvvəlcə Google Adwords-də qeydiyyatdan keçməlisiniz. Qeydiyyat üçün heç bir ödəniş etmək lazım deyil. Daha sonra isə müxtəlif açar sözləri seçəcəksiniz və hər dəfə istifadəçi sizin linkə keçid etdikdə Google-a ödəniş edəcəksiniz. Bu PPC adlanır. Sizin reklamınız görünüşünə görə orqanik axtarışda çıxanlardan fərqli olacaq. Ödənişli axtarış kampaniyasının orta qiyməti hər klikə görə 1 dollardan da az ola bilər. Amma bu qiymət də seçdiyiniz açar sözündən asılıdır. Açar sözü nə qədər məşhurdursa, bir o qədər bahalı olur.

Saytı axtarış sistemlərinə optimallaşdırmaq

 Vebsaytınızın kontentini yoxlayın.

 Keyword research tool (Açar sözünü araşdırma aləti)-dan istifadə edərək insanların sizi tapmasına səbəb olan açar sözlərini təyin edin.

 Axtarışda tapıla bilmək üçün yeni açar sözləri düşünün.

 Yeni kontent yaradın, köhnə kontentləri yeniləyin.

 Vebsaytınızın göstəricilərini monitorinq edin.

 Yaxşı göstəriciləri olan səhifələri yoxlayın.

 Oxşar vebsaytlardan keçidlər almaq üçün imkanları araşdırın.

 Trafikdə və axtarış motorlarındakı yerinizdə baş verən dəyişiklikləri izləyin.

SEO 10 il əvvəl nə demək idisə, indi də odur. Sadəcə bizim istifadə etdiyimiz taktikalar zaman keçdikcə dəyişməlidir. Nə dəyişir-dəyişsin, yadda saxlamaq lazımdır ki, axtarış sistemlərinin məqsədi öz istifadəçilərinə ən yaxşı saytları təqdim etməkdir. Siz də bu məqsədi öz strategiyanızın əsas hədəfi etsəniz, alqoritmlər nə qədər dəyişir-dəyişsin, sizin saytınız öz layiqli yerini tutacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/947636.html