"Google" İtaliyada 102 milyon avro CƏRİMƏLƏNDİ

 05:15 14.05.2021     52

“Google” texnologiya şirkəti azad rəqabətin qarşısını aldığına görə İtaliyada 102,084 milyon avro məbləğində cərimə ödəməlidir.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın kartel nəzarəti qurumu qərar verib. Qərara əsasən, “Google“ şirkəti texnologiya bazarında aparıcı mövqeyindən bu ölkədə sui-istifadəyə yol verib və onun mobil tətbiqləri ilə rəqabətdə olan başqa bir mobil tətbiqin “Google Play“ proqramlar mağazasında təklif olunmasına icazə vermir.

İtaliyanın rəqabətin tənzimlənməsi qurumunun araşdırmalarına görə, İtaliyanın “Enel“ enerji şirkətinin elektrik mühərriki ilə çalışan avtomobillər üçün hazırladığı mobil tətbiqin “Android“ sistemində istifadəsinə iki ildir icazə verilmir. Bu tətbiq “Google“ konserninin “Google Maps“ mobil tətbiqi ilə rəqabətdədir.

Qeyd edək ki, “Google Maps“ öz xəritələrində elektromobillər üçün yalnız enerjitoplama məntəqələrinin coğrafi məkanını təqdim edir, “Enel“ şirkətinin tətbiqinin funksiyaları isə daha çoxdur və istifadəçilər tətbiq vasitəsilə enerji toplanmasına nəzarət edə, məntəqələrdə növbə götürə və digər imkanlardan yararlana bilərlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ikt/356066.html