Politoloq: “İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir”

 09:54 14.05.2021     45

Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu, əbədi olacaq. Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və Qarabağ üzərindən sərhədləirimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə ermənilər buna alışmayıblar. Ona görə haray-həşir salırlar. Bizə aid olan ərazilərin Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi Ermənistanda parlament seçkisi öncəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mövqelərini zəiflədir. Ona görə də o və onun nazirləri gün ərzində Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

“Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa demək onun bölgəyə səfərinin nəticəsi olmayıb. Lavrov Azərbaycana səfər etdi deyə biz öz haqlarımızdan imtina edəsi deyilik. Doğru bildiyimiz işi davam etdirməliyik. Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır. Moskvadan zənglər ola bilər, ancaq onlara veriləcək cavabımız da var: “Biz sərhədlərimizi müəyyənləşdirir və bizə aid olana sahiblənirik”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/356078.html