Şuşanın rəmzi olacaq məscid: tam fərqli, yeni üslubda...

 15:28 14.05.2021     48

Şuşa şəhərində təməli qoyulan yeni məscid klassik üslub ilə modern üslubu özündə əks etdirən gözəl bir dini abidə olacaq. Bundan əlavə, məscidin Şuşa şəhərinin Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən 8 noyabra tarixinə xitabən 8 formasında olması bu tarixi hadisənin gələcək nəsillərə fərqli, lakin özünəməxsus şəkildə ötürülməsi imkanını da yaradacaq.

Bu sözləri Kult.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin bir müddət öncə Şuşada təməli qoyulan yeni məscid haqda danışarkən deyib.

Hacı Şahinin sözlərinə görə, ölkəmiz islam memarlığına Şuşa məscidi ilə yeni bir töhfə vermiş olacaq:

“Əvvəla, onu demək lazımdır ki, bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər onların əksəriyyətini doğıdıb. Bu günə qədər qalan tarixi Gövhər Ağa məscidi isə illərlə müxtəlif təhqirlərə məruz qalaraq baxımsızlıqdan sökülmək üzrə idi. Şükürlər olsun ki, Müzəffər Ordumuz Şuşanı işğalan azad edən kimi ölkə başçısının müvafiq fərmanı ilə bu məscid əvvəlki kimi bərpa edildi.

Bununla belə Şuşada yeni, daha görkəmli, daha fərqli, şəhərin simvolu olacaq bir məscidin tikilməsi olduqca təqdirəlayiq addımdır. Layihədən görünür ki, məscid klassik üslubla modern üslubu özündə birləşdirəcək.

Bildiyiniz kimi, islam dini meydana gəldiyi tarixdən bu günə qədər məscidlərin görünüşü bir neçə dəfə dəyişilib. Regional, milli fərqlər üzə çıxıb.

İslam peyğəmbəri və dörd xəlifə dövründə məscidlərin bugünkü kimi minarələri yox idi. İlk minarəli məscid 673-ci ildə Misirdə tikilən Əmr ibn As məscididir.

Bu mənada bu gün Şuşa məscidinin fərqli üslubda tikilməsi daha çox modern görünüşü ilə seçilməsində təəccüblü heç nə yoxdur. Düşünürəm, bu məscid dünyanın ən məşhur məscidlərindən olacaq və həm Şuşa şəhərinin, həm də ölkəmizin əsas rəmzləri sırasına daxil ediləcək”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/558663.html