Mövsümi olmayan meyvə-tərəvəzin zərəri: Nə etməliyik? - HƏKİM DANIŞIR

 16:00 14.05.2021     39

Aprel ayı olmasına baxmayaraq, marketlərdə mövsümü olmayan meyvə-tərəvəzlərə rast gəlirik. Onların arasında çiyələk, alça, pomidor, xiyar, badımcan və sairə qeyd etmək olar. Amma hələ mövsümi olmayan xiyar, pomidor, bibərin tərkibindəki gübrələr orqanizmə ciddi zərər verə bilər. Hətta istixanalarda yox, təbii şəraitdə yetişmiş, amma gübrələnmiş tərəvəzlərin də zərəri bəllidir.

Həkim Amaliya Rəhimova Lent.az-a açıqlamasında mövsümi olmayan meyvə-tərəvəzin zərərlərindən danışıb:

"Nitratlar - bitkilərin yetişməsini sürətləndirən kimyəvi maddələrdir. Özlüyündə zərərli olmayan bu maddələr orqanizmə çox miqdarda düşdükdə bağırsaq mikrobiotası tərəfindən fermentasiya olunaraq çox təhlükəli nitritlərə çevrilir ki, bunlar qanda hemoqlobini methemoqlobinə çevirir və toxumaların oksigenlə təchizatını əngəlləyir. Eyni zamanda, nitritlər həzm traktında güclü kanserogen olan nitrozaminlərə çevrilir".

Bəs, insan üçün, xüsusən də uşaqlar üçün çox zərərli olan bu maddələrin miqdarını necə azaltmaq olar? Həkim deyir ki, bunun üçün bir neçə praktik üsuldan yararlana bilərik:

"1. Tərəvəzləri təmiz yuyub bir müddət islaqda saxlamaq (bir neçə dəfə suyu dəyişməklə). Bu zaman onların bir hissəsi suya keçir.

2. Hər tərəvəzin nitratı daha çox toplama yeri olduğundan o hissəni kəsib atmaq. Məsələn,

- kartofun, xiyarın qabığını qalın soymaq (göyərmiş kartof və yerkökünü ümumiyyətlə atmaq);

ələmin üst yarpaqlarını və özəyini atmaq;

- kök və çuğundurun, pomidorun içini atmaq;

- xiyar, turp, kabakın quyruq və baş hissəsini kəsmək;

- bostan göyərtilərinin yalnız yarpaqlarını istifadə etmək (iri zoğlarını atmaq) -yabanı göylərə aid deyil.

3. Suda bişirmək - nitratın xeyli hissəsi suya çıxır.

4. Salatlara alma sirkəsi və ya limon suyu sıxmaq - turşular nitratların nitritə çevrilməsini əngəlləyir.

5. Kələmin, digər tərəvəzlərin kifayət qədər (ən azı 8 gün) qıcqırdılması (həftəbecər) -bu vaxt əmələ gəlmiş nitritlər yenidən nitrata çevrilir.

6. Limonu, yapışqan (yağlı kimi) qabıqlı meyvələri soda ilə sürtmək;

7. Əsl mövsümü olan yabanı otlardan mütləq yararlanmaq (qutab, şorba, qovurmaq, kükü, dovğada). Bunlar - cincilim, əmənkömənçi, gicitkan, quşəppəyi, yemlik və s. Gündə bir dəfə onlardan istifadə qıt yaz rasionunu vitamin - mineral - liflə xeyli zənginləşdirər və digər tərəvəzlərə olan tələbatı azaldar .

8. Ən əsası, mövsümi olmayan, qış uzunu və erkən satışa çıxarılmış tərəvəzlərdən istifafə etməmək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/947833.html