Yay mövsümü gəlir: Günü 25 manata istirahət edə biləcəyiniz bağ evləri - FOTOlar

 00:55 15.05.2021     70

Ölkədə mülayim cənub küləyinin əsdiyi, rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçdiyi mövsümü yaşayırıq. Yay fəslinin gəlişinə hazırlaşırıq və insanların bu dövrdə istirahət etməyə ehtiyacı daha da artır.

Milli.Az bildirir ki, Oxu.az-ın araşdırmasına əsasən, mövsümlə əlaqədar bağ evlərinin icarəsi ilə bağlı elanların sayı artıb. Ödəniş isə günlük, aylıq və mövsümlük olmaq üzrə müxtəlifdir. Ödənişin həcminə bağ evinin yerləşdiyi region, evin sahəsi, onun imkanları və təmiri də daxildir. 

Günlük ödənişlərin həcminə nəzər saldıqda 10 kvadratmetr sahəsi olan bağ evlərindən başlamaqla qiymətlər günlük 25-30 manatdan başlayır. Bu qiymətdə olan bağ evlərinin əksəriyyətinin sahəsi isə 20-60 kvadratmetr civarındadır. Fotolardan sizdə onların yerləşdiyi səmt və sahəsi ilə bağlı geniş təəssürat yarana bilər. 

 

Bu qiymət aralığında siz həm Bakı şəhəri ərazisində, həm də regionlar üzrə bağ evlərinə rast gələ bilərsiniz. Günlüyü ən sərfəli qiymətlər regionlardan Xaçmaz (Nabran), Qəbələ, İsmayıllı və Qusarda yerləşən bağ evlərinə məxsusdur. Eləcə də, Bakı şəhəri üzrə Pirşağı və Mərdəkan qəsəbələrində də münasib qiymətə bağ evi kirayələmək mümkündür. Qiymətlər otaqların sayı və həcminə görə də dəyişir.

Gündəlik 40-50 manat icarə haqqı ödəməklə isə sahəsi 60 kvadrat metrdən başlamaqla Şəki, Zaqatala, Quba, İsmayıllı, Qəbələ, Masallı və Lerikdə bağ evi kirayə götürə bilərsiniz. 

Günlük icarə haqqı ilə təqdim edilən bağ evlərinin böyük qismi 50-60 manat civarındadır. Qəbələ rayonu bağ evlərinin sayına görə xüsusilə seçilir. Rayonun Vəndam qəsəbəsi üzrə elanların sayı çoxluq təşkil edir. 

Günlük 70-80 manat civarında icarə haqqı ödəməklə Göygöl, Quba, Oğuz, Lənkəran, Qəbələ, İsmayıllı və Lerikdə bağ evləri kirayələmək mümkündür.

Nəzərə almaq lazımdır ki, bayram günlərində bəzi sahibkarlar qiymətləri artıra bilərlər. Günlük icarə haqları artıqca bağ evlərinin xüsusiyyətləri də artır. Qəbələ, Quba, Qusar, Zaqatala, Bakının Novxanı, Ramana qəsəbələrində günlük 90-100 manat civarında da təklif edilən bağ evləri var.

Gündəlik kirayə haqqı 500 manata qədər də arta bilir. Bu bağ evləri xüsusilə dəniz sahilinə yaxınlığı və ya sahəsi, təmir xüsusiyyətlərinə görə seçilir. Digər tərəfdən hovuzlu bağ evləri üçün gündəlik icarə haqqı daha yüksək olur. Məsələn, Badamdarda bir günü 500 manat, Mərdəkanda bir günü 450 manata təklif edilən bağ evləri var. 

Gündəlik ödənişlərlə yanaşı kirayə haqqını aylıq da tələb edən sahibkarlar mövcuddur. Eləcə də mövsümlük (iyun, iyul, avqust) icarə haqqı tələb edənlər də var. Mövsümlük ən yüksək təklif 50 min manatı təşkil edir və bu bağ evi Şüvəlan qəsəbəsində yerləşir. Eləcə də Bilgəhdə iki ayı 25 min manat icarə haqqı olan bağ evinə də rast gəlmək olar.

Aylıq icarə haqlarının yüksək olduğu bağ evləri əsasən Novxanı (bir aylıq 25 min), Bilgəh (bir aylıq 20 min manat), Şüvəlan (bir aylıq 20 min manat), Buzovna (bir aylıq 19 min manat), Mərdəkanda (bir aylıq 18 min manat) qarşılaşa bilərsiniz. Həmçinin, Nardaran, Maştağa və Pirşağıda da yüksək aylıq icarə haqqı olan bağ evləri mövcuddur. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/948018.html