Audi R8 LMS GT2 sportkarı "rəngli" seriyaya sahib olub - FOTO

 22:01 15.05.2021     65

Bir və ya bir neçə eksklüziv rəngə boyanmış modellərin xüsusi buraxılışları mütəmadi olaraq avtomobil istehsalçıları tərəfindən təqdim edilirlər. Adətən, belə avtomobillər ümumi istifadə yolları üçün nəzərdə tutulmuş modellərdir. Lakin Audi Sport customer racing bölməsi hər kəsi təəccübləndirəcək bir addım atıb: 13 illik fəaliyyət dövrü ərzində, ilk dəfə olaraq, bölmə öz müştərilərinə xüsusi Color Edition seriyasından olan Audi R8 LMS GT2 yarış kupelərini təklif edir. Özünəməxsus rəngə boyanmış altı kupe buraxılacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, sportkarların boyanacağı rənglərə Kyalami Green, Misano Red, Nogaro Blue, Sebring Black, Tactical Green və Vegas Yellow adı verilib. Adların əksəriyyəti tanınmış yarış treklərinə ithaf olunub.

Audi R8 LMS GT2 modeli 640 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki, yeddi pilləli "robot" və arxa ötürmə ilə təklif edilir. Quru çəkisi 1350 kiloqram olan GT2 modeli tamötürməli R8 modelindən bir sentner və hətta arxaötrüməli Audi R8 RWD sportkarından belə daha yüngüldür.

Parlaq rəngli altı yarış kupesi, yarış avtomobilinin bu ilin əvvəlindən başlayaraq əldə etdiyi uğurları qeyd etmək məqsədini daşıyır: Avropa GT2 seriyasının Monzada keçirilən ilk yarış həftəsonunda (17 və 18 apreldə iki yarış) Audi R8 LMS GT2 modelində çıxış edən komandalar ilk yerləri tutublar.

Bununla belə, gələcəkdə xüsusi buraxılışdan olan kupelərin yarışlara çıxarılacağını təsəvvür etmək çətin olsa da, bunu istisna etmək olmaz. Bununla birlikdə, Audi Sport bölməsi, R8 LMS GT2 Color Edition modellərinin marka pərəstişkarlarının kolleksiyalarına daxil olacağını və ya onlardan trek günlərində istifadə edilə biləcəyini güman edir.

Color Edition seriyasından olan sportkarların qiyməti 349.000 avro (vergilər nəzərə alınmadan) təşkil edir. Beləliklə, xüsusi seriyadan olan sportkar adi Audi R8 LMS GT2 modelindən 11000 avro bahadır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946640.html