Şuşa möcüzəsi: Biz nələr gördük...

 00:06 16.05.2021     89

Şuşa səfərindən qayıtdıq…

Fikir verirsiniz, necə möhtəşəm səslənir!? Ya Rəbb, cümlənin gözəlliyinə bax!.. Şuşadan qayıtdıq, amma… əslində mən hələ də oradayam. Şuşadayam. Şuşadan çıxa bilmirəm. Şuşanı tərk edə bilmirəm. Şuşa sanki bağrımdadı… Sanki mən Şuşaya bağlıyam, gözlə görünməyən tellərlə bağlıyam və… qopa bilmirəm… Əslində qopmaq da istəmirəm…

Heyrətamiz cazibədir, ayrılmaq, qopmaq, qırılmaq olmur… Şuşanı sevmək və ziyarət etmək sanki ibadətdir. Vətən ibadəti… İbadət etdikdən sonra nə hiss edirsənsə, Şuşa odur!

Şuşa möhtəşəmdir… Şuşa misilsizdir… Şuşa gözəldir… Şuşa sevimlidir. Şuşanı sevmək elə möcüzəvi duyğudur ki!

Sevginizi xatırlayırsınız? İlk sevginizi… Son sevginizi… Necə vurulmağınızı… Məcnun kimi… Leyli kimi… Necə həyəcanlanmağınızı, mütəəssir olmağınızı, qanadlanmağınızı, göyün yeddinci qatına pərvazlanmağınızı…

Şuşa o sevgidir - ilk sevgi…

Şuşa o sevgidir - son sevgi…

İzah edə bilirəmmi? Məni anlaya bilirsinizmi?

Təsvir etmək, ifadə etmək, yazıya çevirmək həddən ziyadə çətindir. Hətta mümkün deyil; öz halımı təsvir etmək, Şuşanı ifadə etmək…

Şuşa sadəcə, şəhər deyil, torpaq deyil. “Vətən” deməklə də ifadə etmək mümkün deyil Şuşanı, onun miqyasını və onun könlümüzdəki, qəlbimizdəki yerini.

Şuşa Yer deyil axı, Şuşa Göydür. Şuşa sanki canlıdır! Canlı orqanizmdir. Sən onu hiss edirsən, duyursan, nəfəs alıb, nəfəs verməyini, gülümsəməyini, sevinməyini, sevməyini, gözündən axan yaşları silməyini, əllərini tutmağını, qollarını yana açıb səni qucaqlamağını, həsrət çəkməyini, silkələnib qüssəni özündən itələməyini…

Mistikdir, başdan-başa ruhaniyyətdir.

Şuşa ilə danışmaq istəyir adam, dərdləşmək, bölüşmək istəyir. Rəqs etmək istəyir.

Şuşa təsəvvürəgəlməz səviyyədə nəhəngdir. Şuşanın ənginliyində adam ərimək istəyir, Şuşaya qarışmaq, Şuşa olmaq, Şuşalaşmaq istəyir…

Şuşa sanki dağ kimi silsilələrdən ibarətdir. Gözlə görünən və görünməyən Qaladır Şuşa. Görünməyən Şuşa görünəndən daha böyükdür…

Şuşada olmaq ekstrimdir, sanki paraşütlə özünü göyün boşluğuna tullamısan, buludların üstündəsən, heç vaxt hiss etmədiyin, yaşamadığın başqa bir dünyadasan, qanad taxmısan, uçursan və çox xoşbəxtsən.

Şuşa bir boy hündürdədir. Onunla göz-gözə gəlmək üçün başını qaldırıb yuxarı baxmalısan. Şuşanın gözlərinə baxmaq sanki dupduru suyun üzərində öz əksinə baxmaqdır…

Şuşada olmaq bilirsiniz, nə deməkdir?! Ətraf aləmdən təcrid olunursan. Bu da bir ritualdır sanki. Heç kəsi görmürsən, heç nəyi eşitmirsən. Sanki bu dünyada yalnız ikinizsiniz - Şuşa və sən. 30 illik həsrətdən arınırsınız. Yalnız Ona baxırsan. Gözlə görünən və görünməyən hər şeyə diqqətlə baxırsan. Gözlərinə yığmaq, depolamaq istəyirsən. Doymaq istəyirsən, doyunca tamaşa etmək istəyirsən, əlini otlara sürtürsən, xarıbülbülə sığal çəkirsən, ağaclara baş əyirsən, dağlara salam verirsən, Cıdır düzünə təzim edirsən, Topxanaya alqış edirsən və… doymaq bilmirsən. Mümkün deyil. Şuşadan doymaq mümkünsüz. İnsan sevdiyindən doya bilərmi?!

Və bir də bilirsiniz adam nə görür orda? Şuşanın daimi sakinlərini. Siz “Xarıbülbül” festivalının iştirakçılarını görürdünüz?! Bəs Qəhrəman Şəhidlərimizi?! Onlar da oradaydılar. Ona görə alqış səsləri o qədər yüksəyiydi. O möhtəşəm musiqi şölənində - Şuşa bayramında, Şuşanın Qürur günündə Onlar da iştirak edirdilər və sevinirdilər. Çox sevincliydilər, heç zaman olmadığı qədər hüzurluydular və “Şuşa üçün ölməyə dəyərdi” deyirdilər. Onların pıçıltılarını eşidirdinizmi?!

Qürur… Nə möhtəşəm duyğuymuş! Nə möhtəşəm duyğudur. Şuşada hara baxsan, Qürur görürsən; Ağaclar, Otlar, Çiçəklər, Daşlar, Dağlar, Adamlar… hər şey və hər kəs Qürur saçır. Günəş də hər yerdə olduğundan daha füsunkar parlayır, daha çox işıq paylayır.

Sən demə, bu 30 ildə bizi boğan, nəfəs almağa, yaşamağa, xoşbəxt olmağa qoymayan bu Hissin yoxluğu imiş.

Sən demə, bu Hiss hava kimi, su kimi önəmliymiş hər birimizin həyatında. Şuşa ilə bərabər, Şərəfimiz və Qürurumuz da özümüzə qaytarıldı və buna görə yaşamağa, fəxr etməyə, şükr etməyə dəyər… Çünki Şuşa kimdədirsə, Qarabağın sahibi odur…

Şuşa belə bir gücdür.

Bu gücü bizə qaytaran hər kəs dualarımızdadır…

Tanrıya şükürlər olsun!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/558947.html