Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi

 22:43 17.05.2021     67

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, S.Əliyeva hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

S.Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/559405.html