"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim istefa verib

 23:15 17.05.2021     65

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Qalatasaray" ilə müqaviləsinin müddəti bu il mayın 31-də başa çatacaq 67 yaşlı mütəxəssis klub prezidenti vəzifəsinə gələn ay keçiriləcək seçkilərlə əlaqədar komandadan ayrılıb.

Türkiyəli çalışdırıcı Super Liqanın sonuncu turunda "Yeni Malatyaspor" ilə matçdan (3:1) sonra əvvəllər də olduğu kimi, klubun seçiləcək yeni rəhbərliyinin baş məşqçi məsələsində şəffaf qərarlar verə bilməsi üçün vəzifəsini vaxtından əvvəl tərk etdiyini bildirərək demişdi: "Mənim müqaviləmin müddəti bu ay başa çatır. Hər dəfə prezident seçkilərində olduğu kimi, bu dəfə də üzərimə düşəni yerinə yetirəcəyəm. Buna heç kimin şübhəsi olmasın".

Həmçinin bildirilir ki, klubun yeni seçiləcək rəhbərliyi əgər Fatih Terimin "Qalatasaray"da qalmasını istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq. Lakin komandaya yeni mütəxəssisin gətirilməsi də istisna olunmur.

Qeyd edək ki, "Qalatasaray" 2020-2021-ci il mövsümündə Super Liqada "Beşiktaş" ilə eyni - 84 xal toplasa da top fərqinə görə çempion ola bilməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/948806.html