Şeytan öz davamçılarını necə idarə edir?

 23:20 13.06.2021     57

Əgər insan Uca Allahın lənətlik şeytanla bağlı xəbərdarlıqlarına qulaq verməzsə və onu ciddi qəbul etməzsə, yavaş-yavaş günahlarının sayını artıraraq, onun aldadıcı "şirinliyini" hiss edər.

Bundan sonra günahı tərk etmək onun üçün çətin olar. Şeytan (lən) bu insana hakim olar. Şeytan onun ağası, o isə şeytanın nökəri olar.

İmam Əli (ə) buyurur: "Şeytanı öz işlərinin meyarı qərar vermişdilər. O da onların qəlbinə öz toxumlarını tökmüşdür. Cücə çıxartmış və hərəkət etmiş və ətəyində böyümüşdür".

Yəni, bu, insandır ki, şeytana öz qəlbinə daxil olması üçün icazə verər. Elə ki, şeytan qəlbə daxil olar, burada uzun müddət qalmaq üçün tədarük görər. O, sinələrin dərinliklərinə öz toxumlarını qoyar. Sonra onları cücəyə çevirər.

Bu hədis vasitəsilə İmam (ə) bizlərə çatdırır ki, şeytansifət insanların qəlbi - İblisin məkanıdır. İmam (ə) insanları ayıldır ki, şeytani istəklərin yaranması boş yerə olmur. Bu iş tədricən baş verir. Elə ki, şeytanın cücələri böyüyür, insan bütün varlığı ilə şeytana təslim olur.

İmam (ə) davamında buyurur: "İş o yerə gəlib çatır ki, şeytan onların gözü ilə baxar, dilləri ilə danışar".

Yəni, elə ki, insan şeytana icazə verir ki, qəlbinə daxil olsun, şeytan cücələrini böyüdərək qüdrət əldə edər və insanın bütün varlığına hakim olar. Baxmayaraq ki, zahirdə insan kimidir, ancaq daxili şeytanidir. Gözü, qulağı, əlləri, ayaqları... şeytana tabedir.

Belə bir insan hər nə qədər çalışsa ki, günah etməsin - bacarmayacaqdır. Bu insanın yüyəni şeytanın əlində olar. Şeytan onu hansı tərəfə istəsə, o tərəfə də çəkəcəkdir. O, öz iradəsi ilə şeytana icazə verdiyi üçün, heç bir bəhanəsi qalmaz. Etdiyi hər bir günahı şeytanın üstünə atmağa haqqı olmaz. (Beytutə)

Nəhayət şeytan belə bir insanı günah atına mindirər. Batil sözləri onun nəzərində zinətləndirər. Bu yolla şeytan and içdiyi vədinə əməl etmiş olar və insanı zəlil və xar edər. Dedi: "Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam". ("Hicr" 39).

"Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər". ("Nəml" 24).

Allah Təala bizləri, cəmi insanları bundan hifz etsin!

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/954491.html