Üçüncü Dünya savaşı ssenarisi

 01:21 14.06.2021     55

2021-ci ilin mart ayında Ceyms Corc Stavridis və Elliot Akkerman adlı iki şəxs “2034: Növbəti Dünya Savaşı haqqında roman” adlı kitab nəşr ediblər.

Kitab haqqında qısa yazmazdan öncə müəlliflər haqqında məlumat vermək istərdim:

1) Ceyms Corc Stavridis (James George Stavridis) - ABŞ Donanmasının təqaüdçü admiralıdır. ABŞ Cənub Qoşunları Komandanlığının keçmiş Baş Komandanı (2006-2009), ABŞ Avropa Komandanlığının Komandanı və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı (2009-2013),

2) Elliot Akkerman - Səkkiz il Amerika Dəniz Qüvvələrində qulluq edib, piyada zabiti, xüsusi əməliyyat zabiti olub. Orta Şərqdə və Cənub-Qərbi Asiyada bir neçə vəzifədə xidmət edib. Dəniz Qüvvələri Xüsusi Əməliyyat Qrupunun komandiri olaraq, yüksək rütbəli Taliban liderlərini ələ keçirməkdən məsul olan 700 nəfərlik Əfqan komandos batalyonunun baş döyüş məsləhətçisi olub.

Göründüyü kimi, müəlliflər çox məlumatlı insanlardır, yazdıqları kitab isə 2034-cü ildə baş verə biləcək Cahan savaşı ssenarisi haqqındadır. Süjet roman stilində yazılıb, məhəbbət də var, xəyanət də, siyasət də var, xüsusi əməliyyatlar da. Məğzi budur ki, 2034-cü ildə artıq çox güclü Çin-Rusiya birliyi yaranır, bu gün ABŞ-ın hərbi dəniz qüvvələrində olan üstünlüyü itir, İran da bu birliyə qoşulur və Cənubi Çin dənizində baş verən təsadüfi toqquşma böyük savaşa, nəticədə ABŞ-ın zəifləyib çökməsinə yol açır.

Roman çox maraqlı bir epizodla bitir: Vaşinqtondakı Çin hərbi attaşesi əlini “M&M” şokoladları olan torbaya salır və Amerika milli təhlükəsizlik müşavirinə deyir: “Çində də “M&M” var. Ancaq burada daha yaxşıdırlar. Şokolodın üzərində olan şirnidə bir sirr var, sadəcə biz bunun dəqiq formulunu tapa bilmirik deyə, bizdəki “M&M” belə dadlı alınmır". Yəni, müəlliflərin fikrinə görə, Çin bu savaşdan qalıb çıxsa da, bir çox məhsulların “surətini” çıxarsa da, elmi olaraq ABŞ-dan geri qalırlar və bu geriliyi üstünlüyə çevirmək mümkündür.

Kitabda ötəri olaraq həm də kritik vəziyyətlərdə (məsələn, pandemiya) demokratiyanın avtoritarizmə uduzmasından da bəhs edilir – bu təhlükəli təsbitdir, məncə, yaxın 10 ilin ən böyük diskussiya mövzularından biri olacaq. Çünki faktiki olaraq avtoritar və qapalı ölkələrin qərarvermə mexanizmləri fövqaladə vəziyyətlərdə daha effektiv oldu, demokratik ölkələr bu məsələdə sinifdə qaldı. Təəssüf ki, bunun da nəticəsində demokratik dünyada artıq demokratiyada bəzi dəyərlərin və qərarvermə mexanizmlərinin fövqaladə vəziyyətlərə cavab vermədiyi, bunun isə gələcəkdə avtoritar ölkələrə üstünlük qazandıra biləcəyini deyən-yazan, müzakirə açan əsərlər, məqalələr günü-gündən artır.

Bu gün məsələni müzakirəyə açmağımın səbəbi həm də yaxın günlərdə baş tutacaq Bayden-Putin görüşünə görədir. Kollektiv Qərb yaxşı anlayır ki, həm Çin, həm də Rusiya ilə eyni anda mübarizə aparmaq mümkün deyil və belə olanda Rusiya ilə Çin daha sıx birləşə, daha çox birgə fəaliyyət göstərə bilər.

Qərbin strateji səhvlərindən biri Rusiyaya qarşı sanksiya siyasəti oldu – effekt vermədi, amma nəticədə Kreml azğınlaşdı, Çinlə daha da yaxınlaşdı, öz ətrafına real təhlükə yaratmağa başladı. Eyni yanaşma ilə Qərb faktiki olaraq Belarusu da Kremlin tam qucağına atdı.

Nə isə, imkanı olanlar kitabı oxusun...


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/yazarlar/565726.html