Şuşadan dünyaya nümunə: Dostluq, qardaşlıq və müttəfiqlik zirvədə

 19:17 15.06.2021     38

Türkiyə və Azərbaycan növbəti böyük uğura imza atdı. Azad Qarabağın ürəyi olan qədim Şuşada qoşa dalğalanan bayraqlarımız milli qururumuzu növbəti dəfə uca zirvələrə yüksəltdi. Birliyi və qardaşlığı əbədi olan Türkiyə və Azərbaycan liderlərinin bu gün imzaladığı müttəfiqlik bəyannaməsi həm də dünayaya bir nümunə oldu. Şuşa bəyannaməsi iki ölkə arasındakı əlaqələri ən yüksək zirvəyə qaldırdı.

Bugünkü tarixi hadisəni ölkələrimiz arasında əlaqələrin yeni - daha unikal mərhələyə qədəm qoyması kimi qiymətləndirmək lazımdır. Çünki, dünyada Azərbaycanla Türkiyə kimi səmimi, sağlam müttəfiqlik əlaqəsi olan ikinci bir ölkə tapmaq mümkün deyil.

Azərbaycanla Türkiyə arasında gələcək işbirliyinin təminatçısı olan Şuşa Bəyannaməsi həm də tarixi köklərimizə bağlılığın göstəricisidir. Olduqca mükəmməl hazırlanan və ən vacib detalların nəzərə alındığı sənəd Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə əbədi birlikdə olacaq və həmişəki kimi gələcəkdə də bir-birinin təhlükəsizliyini təmin edəcək.

Tarixi sənədin daha bir əhəmiyyətli bəndi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan işğalçı Ermənistan üzərində sarsıdıcı Qələbə qazandıqdan sonra bölgədə yeni dövr başlatmaqda və regionun inkişaf perspektivlərini yenidən formalaşdırmaqda qərarlıdır. Region ölkələrinin hər birinin yararlanacağı Zəngəzur dəhlizinin açılması bu baxımdan olduqca önəmlidir. Qardaş Türkiyə bu məsələdə də Azərbaycanın yanındadır və Şuşa bəyannaməsində dəhlizin açılmasına birmənalı dəstək ifadə olunur.

Azərbaycan uzun illərdir ki, reallaşdırdığı nəhəng regional layihələrlə, keçirdiyi müxtəlif beynəlxalq səviyyəli tədbirlərlə, çox qısa müddətdə qazandığı genişmiqyaslı uğurlarla dünyanın nəzərlərini özünə cəlb edir. 44 günlük Vətən Mühribəsi zamanı əldə etdiyimiz Zəfər də Azərbaycanı bütün dünyanın diqqət mərkəzinə gətirdi. Bu gün də dünyanın nəzərləri yenidən Azərbaycana yönəldi. Bu dəfə Qarabağın ürəyi olan Şuşa şəhərinə. Hansı ki, iki qardaş ölkənin lideri bu tarixi torpağımızdan dünyaya növbəti sülh, inkişaf, tərəqqi mesajları verdi. Eyni zamanda, birliyin, qardaşlığın və müttəfiqliyin nümunəsini təkrar sərgilədi. Şuşadan verilən bu mesajlar şübhəsiz ki, hələ uzun müddət dünyaya səs salacaq, müxtəlif siyasi dairələrdə çox böyük əks-səda yaradacaq.

Sahil Kərimli,
Trend İnformasiya Agentliyinin Baş redaktor müavini


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/956978.html