Apple dələduzluqla milyonlar qazanır

 23:40 17.06.2021     56

Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyyəli moderasiya haqqında söylədyi çoxlu sayda bəyanatlara baxmayaraq App Store-da çoxlu sayda zərərli proqram təminatı mövcuddur. Məlum olub ki, App Store-da mövcud olan əksər gəlirli tətbiqlər dələduzluq məqsədini güdən tətbiqlərdir. Məlumdur ki, Apple hər bir iOS tətbiqinin daxilində edilmiş alış-verişdən 30% komissiya haqqı götürür. Aydın məsələdir ki, bu komissiya haqqı dələduzların yaratdıqları tətbiqlərə də aid edilir.

Washington Post-un yeni hesabatına əsasən App Store-da olan 1000-ə yaxın gəlirli tətbiqin 2%-i məhz dələduzlara aiddir və həmin tətbiqlər istifadəçiləri aldatmaqla məşğul olurlar. Təqribi hesablamalara əsasən dələduzlar bu cür tətbiqlər vasitəsilə 48 milyon dollar gəlir əldə ediblər. Bu göstəriciyə həmçinin Apple şirkətinin tələb etdiyi 30% komissiya haqqı da daxildir. Sözügedən statistikanın ortaya çıxmasından sonra Apple mütəxəssislər tərəfindən qeyd edilmiş 18 tətbiqdən 12-ni App Store-dan silib.

Onlardan bəziləri özlərini VPN servislər kimi maskalayır, digərləri isə smartfonda mövcud olmayan virusların axtarışı ilə məşğul olurdurlar. Bundan əlavə olaraq zərərli proqram təminatları arasında QR kod skanı və tanışlıq servisləri kimi maskalananları da mövcud olub. Bəzi tətbiqlər isə saxta istifadəçi rəylərindən istifadə edərək App Store-dakı reytinqlərini qaldırıblar. Hələ bir neçə müddət bundan öncə Apple bildirmişdi ki, o, təkcə 2020-ci il ərzində 1.5 milyard dollar dəyərində dələduzluq tranzaksiyalarını bloklayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956860.html