Bu ölkələr Şuşa Bəyannaməsinə qoşula bilər - Sarıkaya

 12:37 18.06.2021     34

Türkiyənin Giresun Universitetinin müəllimi, professor Yalçın Sarıkayanın Axar.az-a müsahibəsi:

- Sizcə, Türkiyə və Azərbaycan arasında 15 iyunda imzalanan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bölgədə geosiyasi qüvvələr balansına necə təsir göstərəcəkdir?

- Hər şeydən öncə, 44 günlük Qarabağ savaşının sonunda əldə etdiyimiz zəfərin memarı olan əziz şəhidlərimizi dərin ehtiram hissi ilə anıram. Allahdan əziz şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Cənab İlham Əliyevi və onun komandasını bu tarixi Zəfər münasibətilə təbrik edirəm. Azərbaycan türkləri və bütün dünyada yaşayan azərbaycanlılar savaş boyunca həmrəylik nümayiş etdirdilər, dövlətin, ordunun yanında oldular. Soydaşlarımız sosial mediada düşmənə göz açdırmadılar, qələbə üçün ruhən çalışdılar. Sualla bağlı onu deyə bilərəm ki, artıq müharibə bitdi və biz sülhün həmişəlik bərqərar olmasını istəyirik. 15 iyunda imzalanan Şuşa Bəyannaməsi cənab Əliyevin də bildirdiyi kimi, bir yol xəritəsidir və təməlləri keçmişə söykənir. Türkiyə və Azərbaycan arasında ilk dəfə 11 avqust 1992-ci ildə “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalanıb. 10 iyun 1996-cı ildə isə “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” imzalandı. Bu əməkdaşlıq 20 sentyabr 2000-ci ildə “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilənin, 2008-ci ildə “Ali Hərbi Aviasiya Məktəbi ilə Təhsilə dəstək Protokolu”nun imzalanması ilə davam etdi. Türkiyə 2000-ci ildən etibarən Gürcüstanı da prosesə qatdı və üçlü format təşkil edildi. 16 avqust 2010-cu ildə ölkələrimiz arasında imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə müdafiə və təhlükəsizlik sahəsində o günədək bağlanan ən önəmli müqavilə olmuşdur. 2012-ci ildə Gürcüstanın daxil olduğu “Trabzon Deklarasiyası” imzalandı, 2015-ci ildən etibarən isə mütəmadi şəkildə Türkiyə və Azərbaycanın iştirakı ilə hərbi təlimlər keçirilməyə başladı. Bütün bu yüksək strateji tərəfdaşlığın və Qarabağ Zəfərinin məntiqi nəticəsi olan Şuşa Bəyannaməsinin əhatə dairəsi çox genişdir. Əslində ötən ilin 10 dekabrında Bakıda təşkil olunan hərbi paradda bunun işarələri iki lider tərəfindən verilmişdi. Bəyannamədə Qars müqaviləsinə istinad edilməsi Gürcüstan baxımından da çox önəmlidir. Çünki orada bəzi dairələr yersiz narahatlıq içindədirlər. Bəyannamə ilə dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, suverenliyə hörmət bir daha təsbit olundu. Türk dünyasının gələcək inkişafına dair məsələlər də bəyanatda öz əksini tapdı. Bu əməkdaşlıq coğrafiyasının genişlənə biləcəyi mənasını daşımaqdadır.

Bəyannamədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunulub. Zəfərdən sonra Qarabağda Rusiyanın Türkiyə ilə birgə icra etdiyi sülhüqoruma missiyasının mətndə öz əksini tapması bu ölkəyə həm də çoxtərəfli əməkdaşlıqla bağlı verilən bir mesajdır. Azərbaycan və Türkiyə liderləri altılıq platformasını dəfələrcə dilə gətiriblər.

Dəniz qüvvələri və kosmos fəaliyyətlərinin, kiber-təhlükəsizlik kimi spesifik sahənin sənədə əlavə olunduğunu görürük. Savaş bitdi deyə, hər şeyin yaxşı olmasını istəsək də, tədbirlərin də həyata keçirilməsi xüsusi əhəmiyyətlidir. Cənab Ərdoğanın da Şuşadakı çıxışında qeyd etdiyi kimi, son 30 ildə yaşanan acıların bir daha təkrarlanmaması üçün bütün təhlükəsizlik tədbirləri görüləcək.

- Enerji məsələsi də Bəyannamədə öz əksini tapan önəmli məsələlərdəndir. Sizcə, gələcəkdə Türkiyə Qara dəniz və Aralıq dənizində yeni təbii qaz yataqları kəşf edərsə, onun Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri ilə daşınması mümkündürmü?

- Qeyd etdiyiniz məsələ, Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın başlıca rol oynadığı sənəddə vurğulanıb. Burda TANAP və onun davamı TAP nəzərdə tutulub. Əlbəttə ki, Bakı-Tiflis-Ceyhan, digər enerji xətləri də bunun içərisindədir. Xətlərin bir-birinə bağlılığına xarici ədəbiyyatda “interconnection” (qarşılıqlı əlaqə) deyilir. Türkiyənin yaxın zamanda Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatlarının gələcəkdə artacağı gözlənilir. İlk olaraq qazın istehsal edilməsi prosesi başlamalı, sonrakı mərhələdə mövcud tranzit kəmərlərinin Anadoluya qədər uzadılması lazımdır. Belə olduğu halda yuxarıda bəhs etdiyimiz “interconnection” prosesi reallaşa bilər. Türkiyə enerji mərkəzinə çevrilmə yolunda böyük bir məsafə qət etmiş olacaq, ölkəmiz xüsusilə Rusiya və İrandan enerji asılılığından qurtulacaq. Enerji asılılığından qurtulmanın iqtisadi və siyasi nəticələri də ortaya çıxacaq. Enerji sahəsində sözügedən proseslərin mərkəzi Xəzər dənizidir. Ayrıca Türkiyə təbii qazın çıxarılması, saxlanması, ixracı kimi məsələlərdə Azərbaycanın təcrübələrindən yararlanmalıdır.

- Cənab Ərdoğan Bəyannamənin imzalanma mərasimində Türkiyənin ən yaxın zamanda Şuşada baş konsulluq açacağını bildirdi. Sizcə, bu addım hansı mesajlar verəcək?

- Müharibədən sonra Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə Türkiyə Qarabağda hərbi varlığını təmin etmiş oldu. Şuşada baş konsulluğun açılması ilə isə Türkiyə Qarabağda diplomatik varlığını təmin etmiş olacaq. Dolayısı ilə Köçəryan və Sərkisyanın revanşist ifadələri xam xəyaldır, seçicilərə yönəlmiş təbliğat xarakterli sözlərdir. Ermənistan bir an öncə həqiqəti qəbul edərək, bölgə ölkələrinin vaxtını boş şeylərlə almaqdan əl çəkməlidir. Ermənistanın başqa ölkələrin forpostu olmaq missiyası bitmişdir. Əgər həqiqəti görsə, o da bu meqa-layihələrdə iştirak edəcək. Artıq Qarabağda şirkətlərimiz quruculuq işlərinə başlayıb. Yaxın gələcəkdə bölgədə insan sayı artacaq. Orda çalışan insanların ehtiyaclarının qarşılanması baxımından baş konsulluğun açılması zəruridir. Digər tərəfdən isə bu addım Türkiyənin məsələyə verdiyi önəmin açıq şəkildə ifadəsidir. Türkiyənin Qarabağda hərbi və diplomatik varlığı Azərbaycanın da əlini gücləndirəcəkdir.

- Şuşa Bəyannaməsinin gələcəkdə Türk Şurasının bütün üzvlərinə açıq ortaq bir sənəd kimi qəbulu mümkündürmü?

- Şuşa Bəyannaməsinin təşkilatın üzvləri tərəfindən genişləndirilməsi və qəbulu mümkündür. Türk Şurası qurulduğu kimi dayanmır, irəliləyir, inkişafdadır. Şuşa Bəyannaməsi lokal, ikitərəfli və ya bölgəsəl əməkdaşlıqdan başqa daha geniş prespektivdə Avrasiya bölgəsində, türk coğrafiyasında çoxtərəfli əlaqələrin, əməkdaşlıqların önünü açacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/566759.html