Ermənistanda seçki pozuntusu: Rüşvət, seçici alınması...

 22:46 18.06.2021     58

Ermənistan Baş Prokurorluğu ölkədə növbədənkənar seçki ərəfəsində çoxsaylı qanun pozuntularının olması ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, 76 qanun pozuntusu KİV-də qeydə alınıb. Prokurorluğun qaynar xəttinə fiziki şəxslər tərəfindən 64 qanun pozuntusu barədə məlumat daxil olub.

Bundan başqa sosial şəbəkə istifadəçiləri tərəfindən 52, polis əməkdaşları tərəfindən 39 qanun pozuntusu barədə məlumat verilib.

Prokurorluğun məlumatında seçicilərin alınması ilə bağlı 118 məlumatın daxil olduğu da bildirilib. Seçki hüququndan istifadəyə mane olmaqla bağlı 44, təşviqata məcbur edilmə və təşviqatın aparılmasına mane olmaqla bağlı 30, seçki kampaniyası ilə əlaqədar əmlaka ziyan vurmaqla bağlı 25 şikayət daxil olub.

“İddia olunan qanun pozuntuları barədə lazımi nəzarət tədbirləri görmək üçün polisə 152 hesabat göndərilib? 16-sı barədə cinayət işinin başlanmasından imtina qərarı verilib, 49-u barədə materialın hazırlanma prosesi davam edir və 14-ü barədə cinayət işi başlanıb”, - prokurorluqdan bildirilib.

Dörd iş üzrə 13 şəxsə qarşı ittiham irəli sürülüb. Onlardan 7-si seçiciləri almaq, biri rüşvət almaq, digəri seçki kampaniyasında iştiraka məcburetmə və seçkilərdə iştiraka mane olmaqda ittiham olunur. Qalan ikisi isə şübhəli şəxs statusuna sahibdir.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki başlamadan artıq saxtakarlıqların sayı sürətlə artmaqdadır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566908.html