Gün eynəkləri optik eynəklər kimi həkim məsləhəti ilə seçilməlidir

 23:15 18.06.2021     54

Yay aylarında ən çox istifadə edilən aksesuarlardan biri də gün eynəkləridir. Adətən onu seçənlər öz zövqlərini əsas götürürlər.

Gün eynəkləri də optik eynəklər kimi əslində həkim məsləhəti ilə seçilməlidir. Təəssüflər olsun ki, buna əməl edənlər çox azdır. Həmin eynəklərin əsas vəzifəsi gözləri ultrabənövşəyi şüalardan qorumaqdır. Şüaların təsirindən hətta korluq da yarana bilər.

Milli.Az bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib ki, gün eynəkləri seçərkən təkcə üzə yaraşanı yox, filtrinin olub-olmamasına da diqqət yetirmək lazımdır: "Günəş yuxarıdan düşdüyünə görə, gözün üst hissəsinin də bağlanmasına fikir verilməlidir. Bununla yanaşı gün eynəyinin ultrabənövşəyi şüaları blok etməsinə diqqət etmək lazımdır. Günəş eynəklərinin şüşəsinin kənarında 400 uv, yəni ultrabənövşəyi şüanı blok etməsi barədə yazı olmalıdır. Polaroid şüşələrin müsbət cəhətləri var və günəş parlaqlığının qarşısını alır. Həmin eynəklər avtomobil sükanı arxasında əyləşib uzaq yol gedənlərə tövsiyə edilir".

Keyfiyyətsiz eynəklər göz bülluruna tez təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur. Eynək gözə düşməyəndə gözə qızartı, sulanma və quruma kimi əlamətlər özünü büruzə verir. Tünd rəngli olanda isə göz bəbəyi görünür və göz dibinə düşən işıq sahəsi artır. Bu da qıcıqlanmaya və iltihaba səbəb olur.

Eynəklər plastik və şüşə materialdan hazırlanır. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınır və ya çatlayır. Ona görə də şüşə eynəklər daha yaxşı hesab olunur. Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək bir qədər çətin olsa da, mümkündür. Bundan başqa çərçivənin materialı allergik olmamalı, burunu və qulağı əzməməlidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/957657.html