Mübariz İbrahimovun atası ilə görüş keçirildi - FOTO

 00:58 19.06.2021     55

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilib.

Tədbir qəhrəmanın ata yurdunda baş tutub.

Anım tədbirində rayon sakinləri, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər şəxslər iştirak edib.

Tədbirdə Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilib. Qeyd olunub ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.

Tədbirdə Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” adlı kitabını Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim edib.

Milli Qəhrəmanın atası ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.(Report)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/360026.html