Çavuşoğludan Ermənistana MESAJ: Yeni rəhbərlik keçmişdən dərs almazsa...

 12:39 20.06.2021     48

"Ermənistanda hakimiyyətə gələcək yeni rəhbərlik keçmişdən dərs almalıdır".

Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan sonra təşkil olunan brifinqdə deyib.

Türkiyə XİN başçısı bildirib ki, Ermənistanda hakimiyyətə gələcək yeni lider daha öncəki səhvlərindən dərs alaraq bölgənin təhlükəsizliyinin və sülhün tək yolunun qonşu ölkənin torpağına göz dikmək yerinə, onunla münasibətləri düzgün qurmaq olduğunu anlamalıdır:

"Qardaş ölkə torpaqlarını geri aldıqdan sonra həm Türkiyə, həm də Azərbaycan bölgənin təhlükəsizliyi üçün birgə addımlar atır. Bunu hər iki ölkə liderinin açıqlamalarında hər zaman görürük və bütün dünya da görür. Bölgədə bir çox layihələr reallaşdırılacaq ki, bundan da ən çox istifadə edəcək olan Ermənistandır. Ermənistan keçmişdə həyata keçirilən səhv siyasətlər səbəbindən Cənubi Qafqazda geridə qalan ölkədir. Bu, onların öz günahıdır, bizim deyil. Yeni layihələrdən istifadə edəcəkləri üçün, artıq kini geridə qoyub qonşu dövlətlərlə yola getməyi düşünməlidirlər. Bu olarsa, mərhələli şəkildə münasibətlərimizi normallaşdıraraq Azərbaycanla birlikdə bir çox qərarlar verə, sərhədlərimizi aça bilərik. Bir çox yol layihələri var ki, bunun da məqsədi sərhədi açmaqdır. Bu, Türkiyə-Azərbaycan münasibətlərinə də müsbət təsir edəcək, ancaq bizim əlaqələrimiz əvvəldən yüksək səviyyədə qurulub, biz bir millət, iki dövlətik. Bu səbəbdən də hər şərtlərlə münasibətlərimizi inkişaf etdirməyə davam edirik".

M.Çavuşoğlu Şuşada imzalanan tarixi Şuşa Bəyannaməsindən də danışıb: "İki lider tərəfindən imzalanan bu sənəd bir çox şeyi özündə ehtiva edir. Sənədin Şuşada imzalanması isə ayrı bir anlam ifadə edir. Türkiyənin Şuşada baş konsulluq açmaq qərarını liderimiz Rəcəb Tayyib Ərdoğan verdi. Türkiyə XİN olaraq rəsmi işlər tamam olduqdan sonra ilk işimiz baş konsulluğu açmaq və baş konsulumuzu, digər əməkdaşlarımızı oraya göndərməkdir. Orada Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağı da dalğalanacaq".

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/360148.html