Vyetnama xaricdən gələnlər üçün məcburi karantin dövrü 21 günədək uzadılıb

 19:24 20.06.2021     39

Xarici ölkələrdən Vyetnama gələnlər üçün COVID-19 pandemiyası səbəbindən tətbiq olunan məcburi karantin dövrü 14 gündən 21 günə uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Vyetnamın mülki aviasiya qurumu açıqlama yayıb. Artıq məsələ ilə əlaqədar ölkənin aviasiya şirkətləri, hava limanları məlumatlandırılıb. Belə bir qərarın qəbul edilməsinin səbəbi son vaxtlar Vyetnamda gündəlik yoluxma hallarının çoxalmasıdır. Səlahiyyətli qurumlar yoluxmaların xaricdən gələnlərlə əlaqəli olduğunu güman edir.

Qeyd edək ki, virusun yayılmasının uzun müddət nəzarət altında saxlanıldığı Vyetnamda aprelin sonundan 4-cü və ən ağır dalğa başlayıb. Bu dövrdəki yoluxmaların əsas hissəsinə virusun Britaniya və Hindistan ştamlarının hibridindən əmələ gələn yeni variantı səbəb olub. Son günlər sutkalıq yoluxma sayı üçrəqəmli ədədlə ifadə olunur. İyunun 17-də isə 515 yoluxma aşkarlanıb ki, bu da pandemiya dövründə Vyetnamda ən yüksək göstəricidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958331.html