Yaponiya şirkətlərinin 60 faizdən çoxu Tokio Olimpiadasının vaxtının dəyişdirilməsini istəyir

 19:54 20.06.2021     45

Yaponiya şirkətlərinin 60 faizdən çoxu "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarının koronavirus pandemiyasına görə növbəti dəfə vaxtının dəyişdirilməsini istəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, "Syoko" tədqiqat şirkətinin iyunun əvvəllərində keçirdiyi sorğu nəticəsində məlum olub. Sorğunun nəticələrinə görə, rəyi soruşulan şirkətlərin 34,7 faizi Olimpiadanın təxirə salınmasını dəstəklədiyini, daha 29,3 faizi isə yarışların vaxtının növbəti dəfə dəyişdirilməsini istədiyini bildirib.

Bununla yanaşı, rəyi soruşulan biznesmenlərin 36 faizi Olimpiya Oyunlarının nəzərdə tutulduğu vaxtda keçirilməsini dəstəklədiyini deyib. Son bir ayda bu göstərici səkkiz faiz aşağı düşüb.

Yarışların təxirə salınmasının və ya vaxtının dəyişdirilməsinin əsas səbəbi kimi ölkədə vaksinasiyanın zəif sürətlə aparıldığı (76,3 faiz) göstərilir. Respondentlərin 75,7 faizi isə yarışlar zamanı ölkəyə çoxsaylı əcnəbilərin gəlməsi səbəbindən yarışlardan sonra Yaponiyada epidemioloji vəziyyətin pisləşəcəyindən ehtiyat edir.

Xatırladaq ki, Tokio Olimpiadası ötən il keçirilməli idi, lakin koronavirus pandemiyasına görə yarışların müddəti bir il təxirə salınıb. Təşkilatçıların qəbul etdiyi qərara görə əcnəbi tamaşaçılar ölkəyə buraxılmayacaq. Yerli sakinlər isə məhdud miqdarda və yalnız tibbi maskalardan istifadə etdikcə arenalara buraxılacaqlar. Eyni zamanda, yarışlar zamanı idmançıları dəstəkləməyə, hay-küy salmağa və qışqırmağa da icazə verilməyəcək. Həmçinin epidemioloji vəziyyət pisləşəcəyi təqdirdə tamaşaçılar yarışlara buraxılmayacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958334.html