Çində əhaliyə COVID-19-a qarşı vurulan peyvəndin sayı 1 milyard dozanı ötüb

 20:15 20.06.2021     56

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 1 milyard dozanı ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir.

Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. May ayında ölkə daxilində ötürülmə yolu ilə az sayda yoluxmaların aşkarlanması əhalinin peyvənd prosesinə marağını artırıb. Nəticədə gündəlik vurulan vaksin miqdarı təxminən 20 milyon dozaya çatıb.

Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da fəaliyyət göstərir.

Qeyd edək ki, Çində vaksinasiya prosesində "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958340.html