Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN

 20:50 20.06.2021     60

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu seçkilərdən sonra qurulan Ermənistanın yeni hökumətinin bu ölkənin keçmişdə yol verdiyi səhvlərdən dərs alacağına ümidvar olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Antaliyada Diplomatik Forumun başa çatması münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan bölgədə sabitliyi təmin etmək üçün addımlar atmalıdır:

"Ümid edirik ki, Ermənistan bölgədəki sabitliyi və sülhü təmin etməyin yeganə yolunun regional ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək olduğunu başa düşəcəkdir. Ermənistan qonşularına ərazi iddialarını dayandırmalı və onlarla yaxşı münasibət qurmağa başlamalıdır".

M.Çavuşoğlu qeyd edib ki, ikitərəfli münasibətlərin qurulmasının bir çox regional layihələrin həyata keçirilməsi üçün bir imkan yaradacaq.

Nazir vurğulayıb ki, bu, ilk növbədə Ermənistanın öz xeyrinədir:

"Ermənistan uzun illərdir səhv siyasət yürüdüb və beləliklə özünü təcrid edib. Cənubi Qafqaz ölkələrindən inkişafda geri qaldı, ancaq günah yalnız özündədir. Yerevan düşmən münasibətindən əl çəkməli və bölgə ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmaq üçün nə edilə biləcəyini düşünməlidir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/958344.html