Verdikləri rüşvəti qeyri-rəsmi səsləndirirlər - Fazil Mustafa

 11:34 22.06.2021     32

Bakı gözəlləşir, modern üslublu binalar tikilir. Xaricdən gələn qonaqlar da bunu qeyd edirlər, əvvəlki səfərləri ilə müqayisədə inkişaf etdiyini bildirirlər. Sakinlərimiz də bunu bildirirlər. Ancaq Bakı həm də mədəniyyətsizliklə üzə çıxır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O, ötən gün Yasamal massivində yanğının baş verdiyini, bir neçə insanın evinin yandığını xatırladıb: “Ancaq yanğınsöndürənlər əraziyə daxil ola bilmədi. Çünki evlər elə sıx tikilib ki, avtomobil ora daxil ola bilmir. Əgər təcili tibbi yardım avtomobilinin xəstəni vaxtında xəstəxanaya çatdırması üçün yol infrastrukturu yoxdursa, bu barədə ciddi düşünmək lazımdır”.

Pilot layihələr haqqında da danışan deputat bildirib ki, insanlar narahatdır: “Onlar 3-4 il ərzində kirayədə qalır, amma binalar tikilib başa çatmayıb. İş adamından bu haqda soruşanda verdiyi rüşvəti qeyri-rəsmi səsləndirir və insan dəhşətə gəlir. Eyni zamanda binalar elə tikilməlidir ki, insan sağlamlığına xidmət etsin. Sabah orada bir hadisə baş verəndə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri ora daxil ola bilməlidir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/360361.html