Ermənilər Paşinyanı seçdi - Bəs Paşinyan nəyi seçəcək?

 11:51 22.06.2021     26

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının növbədənkənar parlament seçkilərində qələbəsi sözsüz ki, bir sıra faktorlarla əlaqədardır. Məhz bu faktorlar da gələcəkdə rəsmi İrəvanın daxili və xarici siyasətində ciddi rol oynayacaq. İlk növbədə diqqəti ona yönəltmək olar ki, seçkilərdə seçicilərin yarısı - 49,4 faizi səs verdi. Belə bir göstərici ilk növbədə  44 günlük müharibədə yaşanan biabırçı məğlubiyyətdən, onun yaşatdığı mənəvi-psixoloji böhrandan qaynaqlanır.

Səsvermənin nəticəsi ilk növbədə tək hakim qüvvənin uğurlu nailiyyəti ilə bağlı deyil. Ən əsası bu cəmiyyətin böyük bir kəsimində 20 ildən artıqdır ki, ölkəni idarə edən "Qarabağ klanına" olan nifrətdən qaynaqlanır. Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri blokların sabitlik və çiçəklənmə yaşadacaqları barədə vədlərinə baxmayaraq əhalinin böyük bir hissəsi bu "klanı" rədd etdi. Onları zibil qutusuna göndərdilər. Beləliklə, müxalifət ambioz təbliğat kampaniyada Paşinyanı "baş təslimçi" rolunda təqdim edib seçiciləri ələ ala bilmədi. Onlar Koçaryan-Sarkisyan rejimini bütün bəlalarının səbəbkarı kimi görməkdə davam edirlər. İnsanların beynində o zamankı idarəetmə - kütləvi qanunsuzluq, kriminal diktatura, total korrupsiya, əhalinin ac-yalavac duruma düşməsi, kütləvi mühacirətlə yadda qalıb.

Seçkilərin nəticəsi faktiki olaraq Koçaryan və Sarkisyana qarşı verdikt oldu. Bütün bunlar ən əsas bir həqiqəti də ortaya qoydu - ermənilər müharibə istəmir. Köhnələrin yenidən hakimiyyətə dönməsi ilə yeni bir müharibənin başlanmasını ölkə üçün fəlakətli olacağına inandıqlarından onlara səs vermədilər. Koçaryan və Sarkisyan blokunun məğlubiyyətində geosiyasi faktor da rol oynadı. Məğlub olan ölkə beynəlxalq arenada subyektlikdən məhrum olmasına və Rusiyadan tam asılı olmasına baxmayaraq, ölkədə anti-Rusiya əhval-ruhuyyəsi heç yerə axıb getmədi. Belə olan halda "Qarabağ klanı", xüsusən də Koçaryanın Moskvaya "ayı xidməti", həddən artıq Moskvaya yönlənməsi az rol oynamadı. Lakin seçkilərin konkret nəticələri Ermənistanın gələcək taleyini müəyyən etmir. Onun üçün həyati əhəmiyyət kəsb edən seçim ekzistensial miqyas olacaq.

Ölkə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəkmi? Bu suala yalnız pozitiv cavab, praktiki addımlar Ermənistan üçün yeganə xilasedici yol olacaq. Seçkilərin nəticələri bu qənaətə gəlməyə əsas verir ki, Paşinyana əhali tərəfindən Ermənistan üçün bu yolu seçmək üçün etimad göstərilib. Bu resursu ümumregional, o cümlədən ölkəsi üçün sülh və əməkdaşlıq üçün istifadə edib-etməyəcəyini zaman göstərəcək.

Kamran Seyidov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/armenia/958775.html