Azərbaycanlı yutuber Türkiyədə həbs edildi - Video

 23:34 22.06.2021     54

Bir müddət əvvəl İstanbulda saxlanılan azərbaycanlı yutuber Fariz Baxşəliyev barəsində həbs qərarı verilib.

Axar.az xəbər verir ki, onun aylar əvvəl azyaşlı ilə bağlı hazırladığı qurama video insanlar arasında böyük narazılığa və hiddətə səbəb olmuşdu.

“Xalqı kin və düşmənliyə təhrik etmə və ya alçaltma” ittihamı saxlanılan Baxşəliyevin 1,5 ilə qədər həbsi istənilirdi.

Bu günlərdə baş tutan məhkəmə prosesi zamanı müttəhimin vəkili bildirib ki, Fariz ölkə xaricində də (Azərbaycanda – red.) fəaliyyət göstərir və bu səbəbdən barəsindəki saxlanılma əmri ləğv edilə bilər.

Lakin məhkəmə vəkilin tələbini rədd edib və yutuber haqqında həbs qərarı verib.

Xatırladaq ki, bu ilin yanvarında F.Baxşəliyev küçədə su “satan” azyaşlı oğlanla bağlı video hazırlaşmışdı. Sonradan onun hazırladığı videonun qurama olduğu məlum olmuşdu. Bundan sonra hüquq-mühafizə orqanları Baxşəliyev barədə istintaq başlatmışdı.

Qeyd edək ki, Farizin Azərbaycanda da hazırladığı bir sıra videolar var.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567814.html