Gözlərim döyülməkdən tutulmuşdu - Keçmiş əsir

 13:51 23.06.2021     40

Lüdviq Mkrtçyan məni avtomatın qundağı ilə döyüb burnumu sındırdı, sonra isə palçığın içinə atdılar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elman Hacıyev deyib.

O bildirib ki, 1992-ci ildə könüllü olaraq müharibəyə yollanıb və1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürülüb: "Əsirlikdə olanda L.Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalmışam. Əsir düşən zaman o qədər döydülər ki, özümdən getmişdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün ancaq mənə kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa həbsxanasına, iki ay sonra isə Xocavəndə apardılar. Bizi Xocavənddə tikintidə işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Orda ferma var idi, gecə ora heyvanlar üçün yem gəldi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladılar. Mən Mkrtiçyana dedim ki, biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm. Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə "UAZ"a mindirib Şuşa həbsxanasına apardılar.

Əsirlikdə olduğum müddətdə separatçı rejimin o vaxtkı "müdafiə naziri" Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsir olub. Xocavənddə 2 donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, palçıq gecikir, Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə.

Sonra bizi Karol Bayana ev tikmək üçün Xankəndinə gətirdilər. Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkəninə istifadə etdilər.

Şuşa həbsxanasında Lüdvik, Artur, Karen və digərləri mənə işgəncə verirdilər. Bizi Mkrtiçyan bir-bir toka verirdi. O, məni toka verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu yenidən sındırdı. Mkrtiçyan deyirdi ki, "bilmərsən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm". O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Şuşa türməsində Beynəlxalq Qırmızı Xaç Komitəsi baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəklər. Biz də qorxumuzdan şikayət etmirdik"

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/959160.html