Bu türk ölkəsinin TÜRK PA-ya üzvlüyü... - Ramil Həsən

 13:58 23.06.2021     30

Özbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv olmasının tarixi önəmi var.

Bunu Axar.az-a açıqlamasında Türk Şurasının və TÜRK PA-nın keçmiş Baş katibi, millət vəkili Ramil Həsən deyib.

Onun sözlərinə görə, proses indi yox, bir neçə il bundan öncə başlayıb:

“Özbəkistan ilk dəfə 2018-ci ildə uzun fasilədən sonra Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə dövlət başçısı səviyyəsində iştirak edib. 2019-cu ildə isə cənab İlham Əliyevin ev sahibliyində Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü və təşkilatın 10 illik yubileyi keçirildi. Həmin görüşdə cənab Şövkət Mirziyayevin şəxsən iştirak etdi və onun istəyi ilə Özbəkistan digər üzv dövlətlər tərəfindən Türk Şurasına üzv seçildi. Dolayısıyla bütün bu proseslərin təməli həmin dövrdən qoyuldu. Növbəti mərhələdə isə parlamentlərarası əlaqələrin ən mühüm nöqtəsi olan Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzvlük məsələsi də müzakirə edilməyə başladı. Şükürlər olsun ki, bu müzakirələr uğurla nəticələndi və bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, qardaş Özbəkistan TÜRK PA-nın tamhüquqlu üzvüdür”.

Millət vəkili Özbəkistanın təşkilata üzvlüyünün bütün sahələrdə gücümüzü artıracağını bildirib:

“2009-2013-cü illərdə TÜRK PA-nın Baş katibi, 2014-2018-ci illərdə Türk Şurasının Baş katibi vəzifələrində çalışmış biri kimi deyə bilərəm ki, Özbəkistanın üzvlüyü inteqrativ şəkildə türk dövlətlərinin qarşılıqlı əlaqələrinin gücləndirilməsi və çoxtərəfli dialoq platformasının daha da inkişaf etdirilməsi istiqamətində aparılan uzunmüddətli səmərəli fəaliyyətin mükəmməl nəticəsidir. Bir də onu bildirim ki, Özbəkistanın Türk Şurasına və TÜRK PA-ya üzvlüyü təşkilatların imici və nüfuzu baxımından müsbət çalarlar gətirəcəyi kimi, eyni zamanda iqtisadi, sosial, siyasi və parlament diplomatiyası baxımından da böyük təsiri olacaq. Birincisi, Özbəkistan iqtisadi potensialına və əhalisinin sayına görə Orta Asiya bölgəsinin, o cümlədən Asiyanın ən önəmli ölkələrindən biridir. İkincisi, Özbəkistan ümumi daxili məhsuluna, ölkədəki millət vəkillərinin sayına və beynəlxalq aləmdə xüsusi yerə sahibdir. Bu baxımdan TÜRK PA-ya qardaş Özbəkistanın üzvlüyü bizim dünyada sözümüzün və haqq səsimizin daha da yüksəkdən eşidilməsinə və qarşılıqlı dialoq xarakterli regional, beynəlxalq əməkdaşlığın inkişafına həm parlament diplomatiyası, həm də digər çoxtərəfli əlaqələr cəhətdən töhfələr verəcək. Özbəkistan Türk Şurasında olduğu kimi, TÜRK PA-nın da fəaliyyətində aktiv iştirak edəcək”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567930.html